ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları davam etdirmək üçün Konqresdən icazə istəməyəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərə açıqlamasında “Müharibə Səlahiyyətləri Qanunu”nda nəzərdə tutulmuş 60 günlük müddətin bitməsinə baxmayaraq, rəsmi razılıq üçün müraciət etməyəcəyini bildirib.
Tramp bu tələbi konstitusiyaya zidd hesab etdiyini və bir çox sələflərinin də oxşar mövqe tutduğunu xatırladıb.
Qeyd edək ki, 1973-cü ildə qəbul edilmiş qanun prezidentə hərbi qüvvələrdən yalnız 60 gün ərzində müstəqil istifadə etməyə icazə verir. İrana qarşı aparılan əməliyyatlar kontekstində həmin müddət məhz bu gün başa çatır.
“Time” nəşrinin yaydığı məlumata görə, Konqresdəki Demokratlar Trampın bu addımına sərt reaksiya verməyə hazırlaşırlar. Belə ki, qanunvericilərin razılığı olmadan hərbi əməliyyatların davam etdiriləcəyi təqdirdə prezidentə qarşı məhkəmə iddiasının qaldırılması gündəmdədir. Hazırda Ağ Evlə Kapitol Hill arasında səlahiyyət bölgüsü ilə bağlı ciddi gərginlik müşahidə olunur.
Son xəbərlər
Son Xəbərlər