“Ana darda olanı daha çox istəyər...” - Mirqədirovun anası

ana-darda-olani-daha-cox-isteyer
Oxunma sayı: 2786


Yaddaş mövzusu ilə bağlı ağıllı cümlələr qururdum. Tədbirdə danışacaqdım. Deyəcəkdim, insanlar, olanları çox da ciddiyə almayın. Sarsılmayın, sarsıntı yaddaşımızı zibilləyir, sinir hüceyrələrimizi məhv edir. Ertəsi gün həbsdə olan kolleqam Rauf Mirqədirovun anası Rəfiqə xanımın mənə üz tutub yazdığı nalə çap olundu mətbuatda. Əllərim yana düşdü. Necə sarsılmasın adamlar?Analar necə sarsılmasın...

Telefon nömrəsini tapdım. Axşama qədər cəsarətimi toplayıb zəng vura bilmədim.   

Əqrəblər günün sonundan xəbər verərkən nəfəs dərib əlimi atdım telefona.

Yığdım nömrəni. Yox! Qapadım. Nə deyəcəm?

Telefonu bağrıma basıb içimi boşaltdım. Sonra bir də aradım.

Yatmır yəqin, yata bilmir, əmin idim.

- Alo – mədəni, ahıl bir səs eşidildi.

- Rəfiqə xanım, bağışlayın gec zəng vurdum, indi alındı. Ayseldi...

Susduq...

Telefonu yenə bağrıma basdım. Bu dəfə içində Rəfiqə xanım da vardı. 

Sonra eyni anda  “alo” dedik. 

- Sizi görmək istəyirəm. Bağışlayın ki, məktubunuzdan sonra oldu.

Yol gözləyən bütün analar bağışlasın bizi.

Analar...vay - vay, yol gözləyən analar, Yer üzündə onların gözlərindəki müdrik ağrıdan daha böyük nə var? Yol çəkər gözləri.

Bir ildir ananın gözləri yol çəkirdi

Başqa bir dərdi yoxdu...

Görüş alıb iki gün sonra evinə getdim. Anamı da apardım.

Raufun, Ayselin, İzelin anası, oturduq üçümüz...

Masa hazırlamışdı.

Onlar baxışırdı anamla. Mən onları anladığımdan daha yaxşı anlayırdılar bir-birini.

Analar ləçəklərini atıb savaşları dayandırardı. Belə zamanlar da vardı.  

Oğlunun həbs xəbərini necə aldığından danışdı. Astadan, aramla...

- Evdə qonaqlarım vardı. Televizor açıq idi. Bir də gördük xəbərlərdə Raufu göstərirlər. Səsini artırıb dinlədik. Bu nə dəhşət idi? Oğlum satqın kimi təqdim edilirdi. Dünya başıma yıxıldı. Bu qədər ağır ittiham və belə tərəddüdsüz? Mən tanıyıram öz oğlumu.  Ancaq həmkarları da tanıyırlar axı. O, ömrü boyu ölkəsini, millətini sevib, bu ölkə üçün çalışıb. Elə bir hadisə olmayıb ki, onunla bağlı yazmasın, işləməsin, laqeyd olsun. Rauf möcüzəylə sağ qalıb. 20 Yanvar gecəsi biz elə bildik artıq onu itirmişik. Yoldaşımla səhərə qədər onu axtardıq. O dəhşətləri də gördük. Səhər pis halda gəlib çıxdı. Gecə faktları yığıb, hadisələri sənədləşdirib, həm də dostları ilə insanlara kömək edib. Hərbçilərin qarşısına çıxıblar, “dinc əhaliyə güllə atmayın” - deyiblər.  Evdə hamımız ayaqda idik. Rauf içəri girən kimi qızım üstünə düşdü ki, bəs ata-anaya yazığın gəlmir? Tükü də tərpənmədi. Qayıtdı ki, camaatın uşağı insan deyil? Hamı küçələrdə idi. Dedik, biz də çıxmışdıq. Siz mənə görə çıxmışdız, torpağa görə yox, dedi. Hamımız susub qaldıq. Ata-ana bir tərəfə. O dönəmdə uşağının doğulmasına az qalmışdı. Deyirdik, ehtiyatlı ol, övladın gəlir dünyaya. “O qədər uşaq doğulur, mənimki də onlardan biri” – cavabını verirdi. Bir də genetikası möhkəmdi axı. Bakının böyük bir nəslinin - Aşurbəyovların qanını daşıyır. “Baku” dərgisi onlar barədə geniş material verib. Maarifçiliklə, xeyriyyəçiliklə ad qazanıb o nəsil.  Belə bir irsi olan oğul necə ölkəsinə dönük çıxa bilər? Üstəlik, Raufun nə boyda hörməti var.  Onu tanıyan adamlar adını sayğıyla çəkirlər.   

Bizim üçün çox gözlənilməz oldu bu xəbər. Ona qədər heç bir narahatlıq, narazılıq hiss etməmişdik. Qəfildən oldu. Bütün dünya reaksiya verdi. Fransa, İngiltərə, ABŞ kimi ölkələrin, Avropa Şurasının, rəsmi qurumların narahatlıq xəbərləri gəldi. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdı. İndi ailəsi İsveçrədə siyasi sığınacaq alıb.   

Aprelin 19-u həbsin bir ili tamam oldu. Halım tez-tez pisləşir. Ağır xəstəyəm. Qorxuram mənə nəsə olar, onun yeməyini hazırlaya bilmərəm. Hər həftə ona yemək bişirib göndərirəm. Bununla təsəlli tapıram (qəhərlənir, səsi tutulub açılır). Ana üçün oğul, qız fərq etməz. Amma ana darda olanı daha çox istəyər. Bu dəqiqə o dardadır, mənim üçün həyat donub. Baxıram həyata, elə bilirəm hər şey ətalətdədi. Yoldaşım da oğlumuz tutulandan bir ay sonra vəfat etdi. O, bir ayı qəzetlərlə yaşadı. Bütün günü qəzet alıb bir tərəfdə oturub oğluyla bağlı xəbərləri oxuyurdu. Onlarla ovunurdu.  

Məktəbdə əlaçı olub. İntellekti yüksək, dəcəl, döyüşkən olub Rauf. Müəllimlə hansısa mövzuyla bağlı höcətləşə bilərdi. İddialı, öz fikrini deyən, hazırcavab uşaq idi.

BDU-nun jurnalistika fakültəsini bitirib. Şirməmməd Hüseynovun sevimli tələbəsi olub. Raufun Rauf olmağında Şirməmməd müəllimin də böyük rolu var. Sovet dönəmində Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu kimi adlara yasaq vardı. Ancaq Şirməmməd müəllim onlardan danışardı. 

O vaxt Tofiq Rüstəmov onu Moskvaya oxumağa göndərirdi, mən qoymadım. Bəlkə də səhv etdim...

Özünə yer tapmırdı. Elə bil ona daha geniş meydan lazım idi. Bir dəfə evimizə ziyalı qonaqlar yığışmışdı. Raufun da 17 yaşı olardı. Beynəlxalq siyasətlə bağlı müzakirə getdi. İran ABŞ münasibətlərindən danışdılar. Bu birdən necə çıxış elədisə hamının diqqətini çəkdi. Bir qohumumuz da ona təpindi ki, bəs sən uşaqsan, qarışma. Demokratlar vardı. Onlara deyirdi ki, İranda bu qədər inqilab nəticəsiz qalıb, çünki məqsəd - hədəf dəqiq olmayıb. Məhəmməd Hatəmi də qonaqların arasındaydı. Raufa acıqlanan qohuma “biz o mübarizəni belə övladlarımız yetişsin deyə aparmışıq, niyə susdurursan?” dedi. Yoldaşıma da qayıtdı ki, fəxr edərdim belə oğlum olsaydı.

Biz onunla həmişə fəxr etmişik. Ömür boyu “vətən” deyib.  Azadlıq meydanına ilk dəfə dostları ilə Azərbaycanın bayrağını aparıb. Onda da tutdular. Ancaq yaxşıdı, üç ay qaldı, sonra buraxdılar.  

Mən onun heç nəyi düşmənçiliklə yazmadığına inanmışam. Elə uşaqlığından öyrəşmişəm ki, belədi. Öz həqiqətləri var.

Mükafatlar alanda da gəlib deməzdi. Efirdən görürdük. Bu hadisədən sonra da bir il gözlədim sakitcə. Aybaay iş uzandıqca gözlədim... bir ildi elə bilirəm indi qapı döyüləcək, Rauf gələcək.

Oğluma verilən maddəylə bir ana kimi razı deyiləm. O, həmişə ölkəsinə xidmət edib. Sizə də ona görə açıq məktub yazdım ki, bağrım yarılır. Dərdləşmək istəyirəm. Üzlərə baxıram, bir ümid axtarıram. Onu da deyim ki, fəryadımın tək səbəbi oğlumun həbs olunması deyil, haqsız olduğunu düşündüyüm ittihamdı. Əgər mən oğlumun həqiqətən suçlu olduğunu bilsəm, ilk növbədə özüm imtina edərəm ondan. Ümidim var, ümidim var ki, tezliklə qapım yaxşı xəbərlə döyüləcək. Onu azadlıqda görmədən ölsəm...