Anar Kərimov Kitabxanaçılıq üzrə məzunları işlə təmin etdi

anar-kerimov-kitabxanaciliq-uzre-mezunlari-isle-temin-etdi
Oxunma sayı: 3889

Oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sərgi çərçivəsində mədəniyyət naziri Anar Kərimovun Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşü keçirilib.

Bakı Ekspo Mərkəzində gerçəkləşən görüşdə çıxış edən nazir Anar Kərimov Mədəniyyət Nazirliyinin kitabxana sahəsi üzrə apardığı islahatlardan söz açıb. Bildirib ki, bu istiqamətdə prioritet məsələlərdən biri də müvafiq sahəni gənc və ixtisaslı kadrlarla təmin etməkdir:

“Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək”.

Nazir bildirib ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub:

“Sizlər bu prosesin ilk iştirakçılarısınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bəziləriniz karyeranıza regionlarda, bəziləriniz isə Bakı şəhərində başlamaq arzusunda olduğunuzu ifadə etmisiniz".

Anar Kərimov çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı vurğulayıb ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var:

“Ulu öndər Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət naziri Anar Kərimovun məzunlarla bugünkü görüşünü də bu ənənələrin davamı kimi yüksək qiymətləndiririk. Mən ilk dəfədir ki, bizim fakültənin məzunlarının nazir səviyyəsində qəbulunun şahidi oluram”.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov söylədi ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, hər iki universitet üzrə 178 nəfər 2021-2022 tədris ilinin məzunları arasından 20 nəfər işlə təmin olunmaq üçün seçilib. Seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.