Şəhid Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbəsində oğlunun adını daşıyan idman klubunda keçirilən anım mərasiminə buraxılmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə şəhid anası özü bildirib.
Onun sözlərinə görə, hər il Polad Həşimovun adını daşıyan idman klubunda anım mərasimi keçirilib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub: “Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu. Qızıldaş qəsəbəsinin icra nümayəndəliyi var, bələdiyyələr var, mən bilmək istəyirəm ki, klubun qapısı niyə bağlıdır?”
Məsələ ilə əlaqədar Qaradağ rayonunun Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında həmin klubun qapılarının anım mərasimi üçün bağlı olmasının qəsəbə nümayəndəliyi ilə əlaqəli olmadığını bildirdi: “Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tərkibində boks, karate və s bir neçə idman klubu var və onlardan biri də şəhid general Polad Həşimovun adını daşıyır. Həmin Mədəniyyət Mərkəzinin əvvəlki direktorunun vaxtında kluba bu ad verilib və hər il də anım mərasimi ilə bağlı tədbirlər keçirilib. Lakin sonradan həmin direktor işdən çıxıb və onu Leyla adında xanım əvəzləyib. Leyla xanımın direktor olduğu vaxtdan isə həmin tədbirlərin keçirilməsi qadağan olunub və klubun qapısı bağlanıb. Biz də əlaqə saxladıq, bildirildi ki, artıq həmin klubun fəaliyyətinə xitam verilib. Bildiyimə görə, Mərkəzin rəhbəri bu addımı nazirliyin qərarı ilə əsaslandırır”.
Problemlə əlaqədar Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Əsədullayeva bildirib ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin nəznində Polad Həşimov adına İdman Klubunun yaranması və fəaliyyəti ilə bağlı heç bir rəsmi sənəd yoxdur:
“2023-cü ilin fevral ayından mərkəzə rəhbərlik edirəm. Mənim fəaliyyətim müddətində də mərkəzdə bu adda idman klubunun fəaliyyəti olmayıb. Özünü İdman Klubunun prezidenti kimi təqdim edən Eyvaz Hüseynov 05.03.2023 tarixində mərkəzin rəhbərliyinə yaxınlaşaraq klubun 3 yaşı ilə bağlı tədbir keçirmək üçün mərkəzin tabeliyində fəaliyyət göstərən Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə razılaşdığını bildirib. Eyvaz Hüseynovun tələbi ilə 05.03.2023 tarixində mərkəzdə klubun 3 yaşı ilə bağlı keçirilən tədbirin bütün maddi xərcləri Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən qarşılanıb. Eyvaz Hüseynov tərəfindən Mərkəzin qarşısına qanunsuz olaraq klubun elanı və şəhidlərin şəkilləri olan lövhə vurulub. Şəhid atası Vidadi Teyyublunun həmin lövhə və klubun rəhbərliyi ilə bağlı şikayəti əsasında klubun fəaliyyəti mərkəzin rəhbərliyi tərəfindən araşdırılıb. Rəsmi qurumlardan gələn cavablandırmaya görə, Polad Həşimov adına İdman Klubu rəsmi olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və Qaradağ rayonu ərazisində bu adda klubun idmanla bağlı heç bir fəaliyyəti qeyd olunmayıb. Həmçinin ölkə üzrə keçirilən idman yarışlarında iştirakı qeydə alınmayıb. 2023-cü ilin iyul ayında Eyvaz Hüseynov yenidən Mərkəzin direktoruna yaxınlaşaraq tədbir keçirmək istədiyini və xərclərinin mərkəzin rəhbərliyi tərəfindən qarşılanmasını tələb edib. Mərkəzin rəhbərliyi xərcləri qarşılamaqdan imtina etdiyi üçün Eyvaz Hüseynov öz tik-tok səhifəsində mərkəzin rəhbərliyinin əleyhinə videolar paylaşıb”.
Gülnar Əliyeva