“Ancaq girişiblər ata-babalarından yazmağa...” – - Siyavuş Novruzov

ancaq-girisibler-ata-babalarindan-yazmaga-
Oxunma sayı: 1826


“Qafqazinfo” müsahibədən kiçik bir hissəni təqdim edir:



- Gənc yazarların əsərlərinə münasibətiniz necədir?

- Son dövrlərin gənc yazarları ancaq girişiblər ata-babalarından yazmağa. Sənin atan, baban öz nəslini, tayfanı maraqlandıra bilər. Bunlar ümumi Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

- Bəs nədən yazsınlar?

- İndi mövzular daha çoxdur. Azərbaycanın müstəqilliyi dövründən bu tərəfə kifayət qədər mövzular var. Müstəqillik uğrunda gedən mübarizə ilə bağlı, Qarabağ münaqişəsi ilə bağlı... Yadıma gəlir, Azərbaycanımızın çox yaxşı ədəbiyyat jurnalında gözəl bir hekayə oxudum. Azərbaycanlının Rusiyaya gedib, öz ailəsini burda qoyması ilə bağlı “Sel” adında hekayə idi. Çox maraqlı bir hekayədir. Oxuduqca görürsən ki, mövcud dövrün nə qədər problemlərini qabardıb. Ailə qalır burda, özü gedir orda qalır. Arada əlaqə itir. O orda məhv olur, ailə də burda məhv olur. Bu cür mövcud problemləri ədəbiyyata gətirmək və onların həlli yollarını göstərmək vacib olan şərtlərdən biridir. Amma bu sahədə təəssüflər olsun ki, belə yazılar çox azdır.

- Ata-babasından yazmağın nəyi pisdir ki? Məsələn, Markes babasından yazıb Nobel aldı. Və yaxud bizim nə qədər böyük yazıçılarımız var ki, ata-babalarından yazıblar...

- Markes buna qədər xeyli əsər yazmışdı.

Məsələn...

- “Yüz il tənhalıqda”... Bunları yazandan sonra Markes atasıyla bağlı yazmışdı. Orda da ata obrazını əsas götürmüşdü.

- Siyavuş müəllim, niyə, adətən, adamlar vəzifədən çıxarılandan sonra şeir yazmağa başlayırlar? Yəni son ünvan, son dayanacaq yeri ədəbiyyat olur.

- Bunu bir məşğuliyyət kimi seçirlər ki, bekar qalmasınlar. Bəziləri qəzetlərdə köşə yazarına çevrilir, bəziləri Amerika prezidentləri haqqında tərcümələr verir. Yəni bu bekarçılığın aradan qaldırılması üçündür. Amma mənə elə gəlir ki, müəyyən tərcüməni vermək olar, çünki onun müəllifi tamam başqa insandır və yaxud da ictimai-siyasi sahədə hər hansı bir yazı yazmaq olar. Amma ədəbiyyat sahəsində tarixi romanlar yazmaq üçün kifayət qədər təhsilə və elmi mənbəyə malik olmaq lazımdır. Əgər yoxdursa, onu yazmaq qeyri-mümkündür. Və yaxud da kimsə cəmiyyətdən kənarda qalmamaq üçün kiminsə yazdığının yanına öz adını pərçim eləyir, kitabı həmmüəlliflik şəklində çap elətdirir. Yəni başqası yazır, bu da vəsaitini verir, öz adını kitabın üstünə yazdırır. Belə kitabları oxumursan, kənara tullayırsan. Təbii ki, əməyini satan insanı başa düşürəm, çünki ehtiyacı var. Amma bu birisi niyə onun altına qol çəkir, bu məni çox narahat eləyən məsələdir. Axı bilirsən ki, bunu sən yazmamısan, axı bilirsən ki, cəmiyyət də bunu bilir və qəbul eləmir. Bəs özünü aparıb ora pərçim eləməklə cəmiyyətə nəyi sübut eləmək istəyirsən? Əslində, özünü biabır eləyirsən. Bu hallar son vaxtlar lap çoxalıb.

- Milli Məclisdə də xeyli qələm adamları var.

- Bəli, var. Musa Urud, Tahir Rzayev və Hüseynbala Mirələmovun əsərlərini maraqla oxuyuram. Hüseynbala Mirələmovun çox gözəl hekayələri, romanları, povestləri var. Onun mövcud həyatla bağlı xeyli sayda yazıları var ki, ardıcıl olaraq izləyirəm. Amma eləsi də var ki, adını gedib kiminsə adının yanına yazdırır, onun əməyini istismar eləyir. Belələrini heç vaxt oxumuram.

- Maraqlıdır, xoşunuza gələn yazarların adını çəkirsiniz, amma xoşunuza gəlməyənlərin adını çəkməkdə ehtiyat edirsiniz...

- Lenin deyir ki, oxumadıqlarımı ayağımın altına yığsam, başım göyə dəyər. Mən də bəyəndiklərimin adını çəkirəm. Bəyənmədiklərimin adını çəksəm, mənim də başım göyə dəyər. (gülür) O qədərdir ki... Tutalım, görürsən ki, biri qəzetdə verdiyi müsahibələri toplayıb kitab kimi çap elətdirir. Bu müsahibələri yığıb, kitab çıxardıb camaata paylamağın nə əhəmiyyəti var?