SAP layihəsi Mərkəzi və Şərqi Avropa bölgəsinin uğurlu layihələrindən biri seçilib.
“Araz” supermarketlər şəbəkəsində həyata keçirilən SAP rəqəmsal layihəsi Beynəlxalq SAP tərəfindən aparılan texniki və prosesə uyğun dəyərləndirmələr nəticəsində Mərkəzi və Şərqi Avropa bölgəsinin uğurlu layihələrindən biri seçilib. Layihə “Biznes transformasiyası: Korporativ həllər” kateqoriyası üzrə mükafata layiq görülüb.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi 2022-ci ildən etibarən SAP layihəsini həyata keçirir. SAP sistemi məlumatları yüksək səviyyədə idarə etməyə, mükəmməl təhlil və proqnozlar əldə etməyə imkan yaradır. Bu isə öz növbəsində şirkətin məlumatlarının keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına və biznes proseslərinin yüksək effektivliyinə xidmət edir.
“Bizim üçün SAP dayanıqlı inkişaf, əməkdaşlarımızın inkişafı və müştərilərə daha keyfiyyətli xidmət deməkdir” – deyə Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacı bildirib.
Hazırda “Araz” supermarketlər şəbəkəsində SAP üzrə 30 modul tam olaraq çalışır. Buna pərakəndə, maliyyə, satış, satınalma, keyfiyyət, daşınma, anbar əməliyyatları, əsas data, hesabatlılıq, insan resursları və digər sahələr daxildir.
“Araz” supermarketlər şəbəkəsi ölkə üzrə yüzlərlə mağaza və 9 000-dən artıq əməkdaşı ilə 12 ildir ki, xidmət göstərir. Şirkət davamlı olaraq yenilik və innovativ həllər ilə müştəri təcrübəsini daha da yaxşılaşdırmaq üçün çalışır. Özünəxidmət kassa aparatları, elektron rəflər, müştərilərin şəxsi əşyalarının mühafizəsi üçün elektron dolablar, lupalı arabalar, “Araz” mobil tətbiqi şirkətin təqdim etdiyi yeniliklər sırasındadır.
Qeyd: SAP nədir?
SAP abreviaturası əslində alman mənşəli şirkətin adıdır və açıqlaması belədir: Systemanalyse Programmentwicklung - ingilis dilində System Analysis Program Development. Dilimizə isə aşağıdakı kimi tərcümə edilə bilər: sistemlərin təhlili üzrə proqram yaradılması. Bu rəqəmsallaşma şirkətlərin beynəlxalq rəqabətə davamlılığını artırmağa, xərcləri azaltmağa və biznes proseslərin effektivliyinin artırılmasına xidmət edir.