Artistlik yaxşı şeydi, amma səhnədə… - Zeynəb Xanlarovaya

artistlik-yaxsi-seydi-amma-sehnede-zeyneb-xanlarovaya
Oxunma sayı: 840

Zeynəb Xanlarova onsuz da həmişə gündəmdə olub - oxuyanda da, danışanda da. İnstrumental ansamblsız, zümzüməsiz, nəğməsiz, sadəcə bir neçə kəlmə yonulmamış söz deməsi, yəni loru dildə danışması da kifayət edir ki, şəkli qəzetlərin birinci səhifəsini bəzəsin. Ayrı cür ola da bilməz, çünki bizim bir Zeynəbimiz var. Qəlbləri riqqətə gətirən səsiylə səhnələrə yaraşıq verən «Şərq ulduzu», əsrarəngiz Kleopatra sadəcə oxumur, Azərbaycanı tərənnüm etmək missiyasını da yerinə yetirir və bütün bunlar çox uğurlu alınır. Söz yox, artistlik səhnəyə yaraşır, hər şey səhnədə gözəldi. Xalqın sevimlisinə çevrilən də məhz səhnədə görünən Zeynəbdi.

Amma bir başqa Zeynəb də var, o, parlamentdə oturur. Özü də bir yox, iki yox, Allah bilir neçə on illikdi, yəni iyirmicə yaşını təzə adlamış bir dövlətin parlamentini Lordlar Palatasına çevirən deputatlardandı. Və bizim azərbaycanlı «lordlar»ın içində ən stajlısıdı. «Böyük dayaq» filmindəki məzəli epizod yada düşür, Rüstəm kişi Rəyasət Heyətində oturmağa elə öyrəşib ki, çox vaxt seçilməyəndə də çıxıb orda əyləşir. Sovet hökumətindən qalmış mərəzdi, yaxşı oxuyub-oynayırsansa, gərək yaxşı da ictimai xadim olasan, deputatlıq edəsən, məsləhət verəsən, ağıl öyrədəsən, eyni zamanda hər danışığında bacardıqca «xalq» və «kişi» sözlərindən eninə-boyuna yararlanasan ki, loru dildə dediklərin loru adamlara tez çatsın. Zəhmətkeş kütləni məhsul yığımına ruhlandıran xidmətin müqabilində sənə qeyri-rəsmi toxunulmazlıq, lordlar lojası təklif olunurdu və beləliklə, dönüb olurdun kult. İndi cəmiyyətin təsəvvürləri də, qiymətləndirməsi də başqalaşıb, «xalq» və «kişi» sözlərini harda gəldi işlətmək çox gülməli və qəribə görünür. Yazıq bu sözlərin halına, yaman istismar olunublar...

1991-ci ilin prezident seçkiləri zamanı Zeynəb Xanlarova «Azadlıq» meydanına çıxıb «Ayaz müəllimə səs verməyən kişi deyil» deyəndə, ölkənin kişilərinin nə hala düşdüyünü təsəvvür etmək çətin deyildi. Sonra bu kişilərin yaşadığı ölkədə Xocalı faciəsi baş verdi və Zeynəb xanımın vəkillik elədiyi kişinin aqibəti necə oldu, bilirsiniz. Sonra Elçibəy hakimiyyəti dönəmi başladı, yenə kişi söhbəti ortaya düşdü. Camaat arasında pıçapıç başladı ki, bəs prezidentə deyib ki, «indən belə kişi çörəyi» yemək istəyirəm.

Sonra yenə küləklər əsdi, qış oldu, bahar gəldi… Amma bu “kişi” söhbəti aktuallığını itirmədi.

Zeynəb xanım konsertinə gəlməyən parlament rəhbərliyinə elə öz lojasındakı tribunadan irad tutdu, Ziyafət müəllimi fərqləndirdi, təriflədi və dedi ki, «Ziyafət Əsgərov kişi adamdı».

Günlər aylara calandı, aylar dönüb il oldu… Bir gün də durub deyəsən ki, «Əli Kərimli kişi adamdı».

Nəhayət, srağagün də deyir ki, «bilirsiniz nə var, mən kişi qızıyam», «kimi tutursunuzsa, kişi kimi özünüz tutun». Amma Zeynəb xanımın Səddam Hüseynin sarayına oxşayan bağ evinimi deyim, yay sarayınımı deyim, Allah eləməmiş, yandırsaydılar, onda necə, «kişi qızı» kimi sözünün üstündə dayanıb şikayətçi olmayacaqdımı?

Deyəsən, “kişi” sözü kişilərin sayından çox çıxdı axı... Bunları düşündükcə, ağlıma gələn bu olur ki, bütün zamanlarda dilinin əzbəri olan “kişi” sözü heç də ilk baxışda göründüyü kimi zəhmli, güclü deyilmiş, əksinə, nə qədər elastik, nə qədər zəif və urvatsız imiş.

Xeyli vaxt keçsə də, sovet hökumətinin yaratdığı bəzi kultlar hələ də qalırlar. Sovet hökumətinə xidmətlərinə görə qəhrəman olmuş adamların bu gün də ictimai rəylə məharətlə oynamalarına adam valeh olmaya bilmir. Görünür, Allah bu adamlara istedadın bütün növlərindən verib.

İctimai rəylə oynamaq siyasətçilərin, necə deyərlər, məşğuliyyətidir, amma heç kim səhnədə atılıb-düşən politoloq təsəvvür etmir. Müqayisə aparmağımız qüsurlu olsa da, köhnə fikri xatırlatmağımız yerinə düşər: artistlik yaxşı şeydi, amma həyatda yox, səhnədə…

kaspi.az