2 noyabr 2024-cü il tarixində “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev iştirak ediblər.
Qeyd olunub ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan təşəbbüslər ekoloji davamlılıq və yaşıl texnologiyaların xüsusi önəmi nəzərə alınmaqla reallaşdırılır.
Bu məqsədlə Agentlik “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsinə start verib.
Layihə çərçivəsində ilkin olaraq 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin damında günəş panelləri quraşdırılıb. Bərpa olunan, məsrəfə qənaət edən və şəbəkəyə töhfə verən günəş panelləri vasitəsilə binanın elektrik ehtiyacları təmin ediləcək.
Layihənin tezliklə bütün “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında və dayanacaq yerlərində reallaşdırılması nəzərdə tutulur.