Bakı Avrasiya Universitetində (BAAU) ASES VI: Beynəlxalq “Ənənədən Gələcəyə” Elmi Tədqiqatlar Konfransının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfrans universitetin təsisçilər şurasının sədri, professor Nazim Hüseynlinin 70 illik yubileyi münasibəti ilə təşkil olunub.
Konfransın əsas məqsədi müxtəlif elm sahələrində aparılan müasir elmi tədqiqatların təqdim olunması, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və alimlər arasında fikir mübadiləsinin təşviq edilməsi olub.
Konfrans Azərbaycan və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi, həmçinin Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın açılışında çıxış edən universitetin rektoru, dosent Səyavuş Qasımov qonaqları, yerli və xarici alimləri, tədqiqatçıları və konfrans iştirakçılarını salamlayaraq belə nüfuzlu beynəlxalq elmi tədbirin universitetdə təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Çıxış zamanı rektor qeyd edib ki, konfransın adı olan “Ənənədən gələcəyə” ifadəsi professor Nazim Hüseynlinin həyat və fəaliyyət fəlsəfəsini əks etdirir. Onun elmi yaradıcılığı, pedaqoji fəaliyyəti və idarəçilik prinsipləri tarixi-mədəni ənənələrə əsaslanaraq gələcəyə yönəlmiş strateji düşüncə üzərində qurulub.
Rektor bildirib ki, Nazim Hüseynlinin həyat yolu və elmi fəaliyyəti Azərbaycanın müstəqillik dövrünün akademik tarixində xüsusi yer tutur. Onun sözlərinə görə, ölkədə təhsil sisteminin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin milli inkişaf strategiyasının fundamental prinsiplərindən biri olduğu qeyd edilib.
Eyni zamanda rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan təhsili qlobal təhsil məkanına inteqrasiya edir, rəqəmsal transformasiya və innovasiya mühiti formalaşır, beynəlxalq akademik əməkdaşlıq genişlənir.
Çıxışı zamanı Səyavuş Qasımov professor Nazim Hüseynlinin elmi fəaliyyətinin əsas istiqamətlərini qeyd edib. Bildirib ki, onun tədqiqatları idrak nəzəriyyəsi və məntiq, qədim Şumer sivilizasiyasının öyrənilməsi, eləcə də təhsilin fəlsəfəsi kimi sahələri əhatə edir. Alimin “Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil” monoqrafiyasında düşüncə prosesinin inkişafına dair yeni konseptual yanaşma irəli sürülüb.
Rektor həmçinin qeyd edib ki, 1992-ci ildə professor Nazim Hüseynlinin təşəbbüsü ilə ölkədə diplomatik kadrların hazırlanması məqsədilə Ali Diplomatiya Kolleci yaradılıb və sonrakı illərdə bu təhsil müəssisəsi inkişaf edərək Bakı Avrasiya Universitetinə çevrilib.
“Bu gün universitet dünyanın 80-dən çox ali təhsil müəssisəsi ilə akademik əməkdaşlıq həyata keçirən və 4500-dən çox tələbənin təhsil aldığı nüfuzlu ali məktəblərdən biridir. Universitetin məzunları Azərbaycanın müxtəlif dövlət qurumlarında, o cümlədən diplomatik xidmət sahəsində, beynəlxalq təşkilatlarda və iqtisadi strukturlarda fəaliyyət göstərirlər”.
Çıxışının sonunda Səyavuş Qasımov professor Nazim Hüseynlini 70 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayıb.
Konfrans çərçivəsində professor Nazim Hüseynlinin həyat və yaradıcılığına həsr olunmuş “Bir ömrün elmi səlnaməsi” adlı təqdimat keçirilib.
Konfransda çıxış edən qardaş Türkiyə Respublikası tərəfindən təşkilatçı və təmsilçi Mustafa Talas Azərbaycan - Türkiyə münasibətlərinin tarixi köklərinə və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş qardaşlıq əlaqələrinə diqqət çəkib. O, Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan bəhs edərək ölkənin regionda artan siyasi və iqtisadi nüfuzunu vurğulayıb. O həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Qarabağ zəfərinin türk dünyası üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıdığını qeyd edib.
Sonra isə professor İzzət Rüstəmov çıxış edərək Nazim Hüseynlinin zəngin elmi və ictimai fəaliyyətindən bəhs edib. O bildirib ki, Nazim Hüseynli riyaziyyatçı, fizik, şumeroloq və filosof kimi müxtəlif elm sahələrində apardığı fundamental tədqiqatlarla tanınan alimlərdəndir. Professor vurğulayıb ki, onun elmi araşdırmaları və elmi-pedaqoji fəaliyyəti Azərbaycan elmi mühitində mühüm iz qoyub. İzzət Rüstəmov diqqətə çatdırıb ki, O, 1992-ci ildə müstəqil Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən birinin quruculuğunda iştirak etməsi ölkənin təhsil tarixində əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, tarixçi alim, tarix elmləri doktoru, Bakı Avrasiya Universitetinin fəxri doktoru Həsən Həsənov professor Nazim Hüseynlinin təhsil sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb. O qeyd edib ki, Nazim Hüseynlinin təşəbbüsü ilə yaradılmış Ali Diplomatiya Kolleci ölkədə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrların hazırlanmasına mühüm töhfə verib.
Konfrans Akademik Nizami Cəfərovun, Professor Nazim Cəfərlinin, Dosent Aqil Şahmuradovun, Dosent Lokman Zor-un, BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimovanın və Dosent Əlövsət Allahverdiyevin dəyərli çıxışları və bədii-musiqili proqramla davam edib.
Qeyd edək ki, tədbir Bakı Avrasiya Universitetinin təşkilatçılığı və ASES beynəlxalq akademik platformasının dəstəyi ilə həyata keçirilib. Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar elmi məruzələrlə çıxış edərək aktual mövzular ətrafında müzakirələr aparıblar.









