Ramilin 4 yaşı var. Bir ildən çoxdur, bağçaya gedir. Onu bağçaya anası aparıb-gətirir. Valideynlər axşamlar uşaqların arxasınca gələndə daha yaxşı anlayıram Ramili. Ata-analar, nənə-babalar gələr, uşaqlar sevinclə onların qucağına atılar, sonra danışıb gülə-gülə paltarlarını geyər və evlərinə yol alarlar. Ramil isə sakitcə pəncərənin qarşısında dayanıb anasının gəlməsini gözləyər. Anasının iş vaxtının bitməsi ilə Ramilin bağçadan çıxması eyni saata düşdüyündən uşaq gözləməli olar...
Bir ildən çoxdu, bu mənzərəni seyr edirdim. Bugünlərdə Ramillə həmsöhbət olmaq şansı qazandım. Uşaq, sanki dünyanın dərdi ilə yüklənmişdi. Heç kimə qaynayıb-qarışmadığını həmən hiss olunur...
- Ramil, kimi gözləyirsən?
Pəncələri üstə bir az da qalxıb pəncərədən bağçanın dəmir qapısına sarı boylanır. Üzümə baxmadan anasını gözlədiyini deyir.
-İndi gələcək anan. Həmişə anan gəlib aparır səni?
-Hə.
-Atan niyə gəlmir?
-Mənim atam yoxdu ki...
Tutuluram. Təxminim doğru çıxmışdı. Sükutu özü pozur:
-Atam uzağa gedib. Mən böyüyəndə gələcək. Onda mən bağçaya getməyəcəyəm. Məktəbə gedəcəyəm. Maşınım olacaq. Kənanın atasının maşınından. Atamı işdən mən gətirəcəyəm.
-İstəyirsən atan tez gəlsin?
-Hə, istəyirəm. Hamının atası var burda. Mənim atam gəlmir amma. Uzaqdadı.
-Atan gəlsə nə edəcəksən?
-Bilmirəm. Öpəcəm onu. Deyəcəm məni gəzməyə aparsın...
Ata nə olduğunu bilmir Ramil. Amma həvəslə danışır atasından. Bu vaxt anası gəlir. Ramil sevinir. Elə sevinir ki... Qadın qollarını geniş açır. Uşaq yüyürür o qollara sarı... Elə bilirəm, bu qollar atanın da əvəzindən açılır, nənənin də, babanın da. Və hamının əvəzindən qucaqlayır uşağı.
Salamlaşırıq. Ramildən danışıram. Anası ilə söhbətləşə-söhbətləşə bayıra çıxırıq. Astadan dərdini danışır: “Həə. Boşanmışıq. Mən hamilə olanda başqası ilə evləndi. Uşağı atasız böyütməmək üçün dözüb susdum. Tədricən evdən ayağı kəsildi. Bir gün pal-paltarını da yığıb həmişəlik getdi. Evləndiyi qadın öz katibəsiydi. O da ərinə xəyanət edib. Bir qızını atıb ərinin üstünə, mənim ərimlə evlənib. Uşaq böyüdükcə ürəyindəki ata sevgisi də böyüyür. Yalan danışmağa məcbur olmuşam. Deyirəm ki, atan gələcək. O da elə bilir, gələcək. Heç olmasa həftə sonları da gəlib görmür uşağı. O qədər boşanan var ki. Çoxu heç bunu uşağa hiss etdirmir. Gəlirər, görüşürlər, gəzməyə aparırlar, əyləndirirlər uşağı... ”
Uşaq, ürəyindəki ata sevgisi də böyüyür...
O sevgi böyüyəcək, böyüyəcək və bir gün... qocalmadan, müdrikləşmədən öləcək.
Bakının hansısa bucağında bir ata dörd yaşlı oğlunu unutmaqla məşğuldu. Bir uşaq isə ürəyində ata sevgisini böyütməklə. Susuz, torpaqsız böyüyən o sevginin bir adı da yetimlikdi...
Bəzən xəyanətin başdaşı olur yetimlik...
Son xəbərlər
Son Xəbərlər