Məcburi köçkün düşəndən sonra, həyatımızın ən çətin anlarında atamla anam bir-birinin əlindən tutub. Amma ağlım kəsəndən bu vaxtadək heç vaxt onları bir-birinin əlindən tutub gəzən görməmişəm.
Bəlkə də, 30 il əvvəl, cavanlıq dövrlərində kəndimiz Papravənddə əl-ələ gəzməyə utanıblar, camaatdan, qonşulardan çəkiniblər.
Aradan Mikayıl Müşfiqin ömrü qədər (!) vaxt keçir. Atamla anamı Ağdama, kəndimizə aparıram. Küçəmizin başında maşından düşürük, Papravənddə bizdən başqa kənd camaatından heç kim yoxdur. Deyəsən, fürsət idi, atamla anam əl-ələ tutur...
.jpg)
Bura gəlməzdən əvvəl son üç ilə yaxın müddətdə atam demək olar, heç üzümə belə baxmırdı. Hər fürsət düşəndə məni danlayırdı ki, sən nətər oğulsan e, məni kəndimizə aparmırsan?
Mən də hər dəfə izah etməyə çalışırdım ki, mina təhlükəsi var, gedərsiniz, başınıza bir iş gələr, qalaram belə...
Hətta bəzən zarafat edirdim ki, əgər adınızın mina qurbanı kimi DİN-in, Baş Prokurorluğun yaydığı məlumata, Ombudsman Aparatının beynəlxalq təşkilatlarda göndərdiyi bəyanatda qeyd edilməsini istəyirsinizsə, gedək...
Həqiqət payı olan zarafatın müddəti bir həftə çəkirdi, söhbət yenə açılırdı. Təbii ki, atamı da başa düşürdüm, 5 aylıq körpə olanda itirdiyi anasının məzarını ziyarət etmək istəyirdi.
İcazə üçün müraciət etdiyimiz Prezident Administrasiyası məsələyə xüsusi həssaslıq göstərir. Və kəndimizdə mina təhlükəsi nəzərə alınaraq, səfər boyunca bizi bir polis, bir də ANAMA əməkdaşının müşayiət etməsi təşkil olunur. Bu, bütün narahatlığımı geridə buraxır və məndən irəlidə evimizə tərəf gedən valideynlərimi izləyirəm.
Birdən qəbiristanlığın tinində dayanırlar, atam deyəsən, nənəmin məzarının yerini tapıb:
- Hə, hə... Burada çəpərin qırağında Seyid babanın məzarı idi, anamı da düz onun yanında dəfn etmişdilər.
Atamla ANAMA əməkdaşının müşayiəti ilə qəbiristanlığa, nənəmin dəfn edildiyinə əmin olduğumuz yerə qalxırıq. Yerlə bir edilmiş məzar daşlarının üstündə “Səfərova Gülü” adını axtarırıq. Baxımsızlıqdan dağıdılmış məzarların üstündəki mərhumların adı da güclə oxunur:
- Ata, bu məzar daşında Abuzər yazılıb. Nənəmin məzarı onun yanında deyildi ki?
- Yox.
Atam da başqa məzar daşlarına baxır:
- Bu da Kərimova Ülkərin məzarıdır, dağıdılıb.
Əyilib digər dağıdılmış məzar daşının üstünü oxuyuram. Bu da kəndçimiz Cavanşir...
Birdən başımı qaldırdım ki, atam bu dəfə dizi üstə çöküb anasını axtarır. Gördüyüm mənzərə dağıdılıb aşırılmış məzar daşından da ağırdır. Birinə birtəhər gücümüz çatır, məzar daşına yox, qaldırıb kimə məxsus olduğuna baxa bilmirik. Atam dizini yerə atıb aşırdılmış məzar daşının havada qalan hissəsindən qəbirin kimə aid olduğunu oxumağa çalışır.
.jpg)
Oxuyur, amma, bu da nənəm deyil...
Bu da...
Bu da...
Bunlar da...
Atamın üzündəki kədərdə dağı, daşı yandırılmış Ağdamı görürəm...
Dayanmır, yenə axtarır, digər məzarlara da baxıb gəlir:
- Yox e, Emin, Allah haqqı, burada idi, indi yoxdur. Bu goreşənlər məzar daşını dağıdıb neyləyiblər, bilmirəm. Belə şərəfsizlik olar?
Nə qədər axtarırıq, Gülü Səfərovanın məzarını tapa bilmirik. Atam 59 il 7 ay sonra da anasız qalır...
Emin Səfərov





Son xəbərlər
Son Xəbərlər