Şəxsən mənə çox maraqlıdır: Görəsən, Azərbaycana qarşı qərəzli qətnamə qəbul edən Avropa Parlamentinin deputatlarının neçə faizi və ya neçə nəfəri sənəddə müdafiəsinə qalxdıqlarını tanıyırlar?!
Çünki hələ öz ölkəmizdə, məsələn, İqbal Əbilovun varlığından, kim olmasından 10 milyon insanın ən az 9 milyon 999 mini xəbərsizdir.
Çünki bu qətnamədə elələrinin adları çəkilib və (guya) hüquqlarının pozulduğu iddia edilib ki, onların bir qisminin heç, ümumiyyətlə, istintaqı yekunlaşmayıb, hökmü verilməyib.
Yaxşı, o zaman niyə özünə əl qatıb, Avropa Parlamenti? Nə tələskənlikdir bu?
Səbəb sadədir: Tapşırıq verənlər, düymə basanlar, tezis ötürənlər (ələlxüsus son vaxtlar) əməllicə səbirsizləşiblər və “qabaqdangəlmişliyin” ən son, ən müasir tətbiqlərindən yararlanmağa çalışırlar.
Və nə təəssüf ki, təməlli sülhə, yəni, sülh müqaviləsinin imzalanmasına qədər belə olacaq!
Üstəlik, kimin Azərbaycana qarşı nə hikkəsi, nə kini, nə zəhəri, nə nifrini varsa - məhz bu arada, qarşıdakı 7 - 8 ay müddətində püskürəcək və sonucda da suyu bulandırmaq cəhdləri (hər zaman olduğu kimi) fiaskoya uğrayandan sonra yenidən başlayacaqlar diplomatları, XİN rəhbərlərini, əməkdaşlıq qruplarını, vətəndaş cəmiyyətinin üzvlərini pişvazımıza göndərməyə. Ki, bəs, səhv eləmişik, sizi düzgün anlamamışıq. Ya da lap bədəbəddə: Filankəslərin fitvasına getmişik.
Nə isə...
***
Hələ o gün baxıram, Şvabe də “estafet”ə qoşulub, yenidən sərsəmləyib və Əli Kərimlini Azərbaycan müxalifətinin “son qalası” adlandırıb. Ardınca isə əlavə edib: “Bizim səylərimiz mütləq nəticə verməlidir.
Heyhat! Və niyə heyhat?!
Əvvəla, bu səbəbdən ki, Papadan artıq katolik olmaq istəyən Şvabenin məlum “qalası”nı, daha dəqiq desəm: çoxdan dağılmış və əhəngə çevirilmiş qalasını Azərbaycanda uzağı 7 nəfərdən (Cəmil Həsənlini də əlavə etsək - 7 nəfər yarımdan) başqa hamı “qala” deyil, “qalaq” gözündə görür.
İkincisi... Düşünürəm, Şvabe “SƏY” sözünü ehtimal etdiyimiz kontekstdə səsləndirib və nəzərindəki səy yığını ilə (Azərbaycanda bəslədiyi radikallardan bəhs edirəm) də hansısa nəticələrin əldə olunmasına ümid bəsləyib.
Fəqət, mümkündürmü?! Yox, təbii.
Ona görə ki...Bir vaxtlar elə məhz məlum (bəlli!) “siyasi SƏYlərin sayəsində” Qarabağ işğal edilib və ölkə olaraq tamamən dağılmaq, müstəqilliyimizi itirmək təhlükəsi ilə üzbəüz qalmışıq.
Ona görə ki, Azərbaycan xalqı haqqında danışılan “səy”lərə qarşı çoxdan peyvəndlidir və həmin peyvənd birdəfəlikdir, ömürlükdür!
Nəhayət;
Ona görə ki...Bundan sonra nə şimaldan “hava - damcı - məktub - faks” yolu ilə ötürülən virusların (oxu: “səy”lərin) epidemiyaya çevirilməsi mümkündür, nə də “söyüş müxalifəti” adı altında ortalığa buraxılan broylerlərin, “sancağı” gözünün dibinə qədər girən tərbiyəsizlərin, Bakıdan uzaqlaşan kimi “şir-pələng”ə dönən dovşanların, deportasiya otağında moizələr oxuyan xəyanətkarların xanimanlığı!
Bitdi, yarıtmazların meydan suladığı dövr!
Qurtardı, həmin o “qara epoxa”!
Düz 32 il əvvəl bitdi, qurtardı!
Azərbaycan xalqı öz müdrik Lideri İlham Əliyevin yanındadır və bu bərabərliyi, vəhdəti kimsə, heç bir qüvvə poza, sarsıda bilməyəcək!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Son xəbərlər
Son Xəbərlər