AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

azal-semani-butun-aviasirketler-ucun-acdi
Oxunma sayı: 2719

Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, 1 yanvar 2020-ci il tarixindən etibarən sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.

“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.

Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub.