“Azalternativenerji” MMC informasiya sistemlərini “Hökumət buludu”na köçürür

azalternativenerji-mmc-informasiya-sistemlerini-hokumet-buluduna-kocurur
Oxunma sayı: 933

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Keçid Planına əsasən dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.

Hazırda Energetika Nazirliyinin yanında fəaliyyət göstərən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və tabeliyindəki "Azalternativenerji" MMC-nin informasiya sistemlərinin Data Mərkəzinə miqrasiyası prosesinə başlanılıb.

Plana əsasən bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində günəş, külək və hibrid elektrik stansiyalarına malik olan “Azalternativenerji” MMC-nin bütün stansiyalarının məlumat bazası və digər sistemləri daha səmərəli olan “AzInTelecom” MMC-nin Data Mərkəzinə köçürülür.

İlkin mərhələdə ölkə ərazisində bərpa olunan enerji mənbələrinə dair bütün məlumatların miqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə qurumun maliyyə sistemlərinin və şirkətə məxsus tətbiqlərinin də miqrasiyası müzakirə olunur.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə 12 iyul 2021-ci il tarixli 1387 nömrəli Fərmanında Energetika Nazirliyi tərəfindən bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması öz əksini tapıb.