Azərbaycan Kinosu Gününə həsr olunmuş xüsusi tədbir keçirildi - Fotolar

azerbaycan-kinosu-gunune-hesr-olunmus-xususi-tedbir-kecirildi
Oxunma sayı: 324

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Nizami Kino Mərkəzində xüsusi tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və kino xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Azərbaycan dövləti kino sektoruna hər zaman xüsusi qayğı ilə yanaşıb.

Nazir müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən milli kinonun inkişafına göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Kinomuzun inkişafı üçün dövlət büdcəsindən davamlı maliyyə ayrılması ilə yanaşı, artıq bu sahəyə özəl şirkətlər tərəfindən investisiyaların yatırılmasının da şahidiyik”, – deyə o vurğulayıb.

S.Yusifovanın sözlərinə görə, son üç il ərzində xarici investorlar tərəfindən Azərbaycanda kino sənayesinə 12 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.

Nazir müavini kino sahəsində peşəkar kadr hazırlığının da diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, artıq bu istiqamətdə 15-dən çox tələbənin təhsil almasına dövlət dəstəyi göstərilir.

Daha sonra Azərbaycan Kinosu Günü münasibətilə mükafatlandırma mərasimi keçirilib.

Tədbir çərçivəsində iki yeni ekran əsərinin təqdimatı da keçirilib.

Belə ki, “Eyni yağışın altında” adlı cizgi filmi və “Divarın o üzündə” adlı qısametrajlı bədii filmi ilk dəfə nümayiş olunub.

Lamiyə Məmmədova