Azərbaycan polisinin gizli işi...

azerbaycan-polisinin-gizli-isi
Oxunma sayı: 12795

Bu ilin mart ayında Bakıda ardıcıl olaraq baş verən iki hadisə cəmiyyətdə ciddi narahatlıq və təəccüb doğurdu. Çünki Azərbaycan vətəndaşı üçün digər ölkələrdən fərqli olaraq, hansısa ticarət mərkəzinə soyğun məqsədilə basqın edilməsi adiləşməyib. Və ya küçənin ortasında kriminal hesablaşmanın aparılması da bizim cəmiyyət üçün yad bir şeydir.

Amma cinayət varsa, cəza da var...

Azərbaycan polisi heç vaxt mürgüləmir, 7/24 iş başındadır.

Elə bu sayıqlığın nəticəsidir ki, qısa müddət sonra “Bravo”ya basqın edənlər də, şəhərin ortasında kriminal hesablaşma aparanlar da məsuliyyətə cəlb edildi.
Bu, hələ bizə bəlli olan hadisələrdir. Təbii ki, bunun gizlində qalanları, işıq üzü görməyənləri də var. 

Çünki polisin işi həm də, gizli iş görənləri bəzən gizli şəkildə məsuliyyətə cəlb edib cəmiyyəti narahat etməməkdir. Buna “məxfi əməliyyat” deyirlər, xəbərdar olanlar icraçılar və göstəriş verənlər, xəbərsiz olanlar isə cinayətkarlardır.

Polis müğənni deyil ki, yazdırdığı mahnını efirdə səsləndirsin. Polis heç futbolçu da deyil, oyunu canlı yayımlansın... Polisin işi göstəriş deyil, göstərişi icra etməkdir. 

Amma vətəndaş polisi sadəcə, küçədə uniformada görür. Başqa formada isə mümkün belə deyil.

Nəzərə alaq ki, təkcə bu ilin ötən 9 ayı ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Bəs, 178 cinayətkar qrupun zərərsizlişdirilməsi nə qədər cinayətin qarşısını alıb? Bunu təxmin etmək üçün heç güclü riyazi savada da ehtiyac yoxdur. Cavabı tapmaq üçün təsəvvür etmək də yetərlidir.

Polis vətəndaşın güvən yeridir. Ən çətin anında ən yaxınındansa, ona ən yaxın olana “102”yə zəng edir. Təsəvvür edin, təkcə bu il “102” Xidməti-zəng Mərkəzinə 2 milyondan çox müraciət daxil olub. Bu, gün ərzində 9-10 minə qədər zəng deməkdir. 

Təkcə Azərbaycandadır -  hadisə yerinə “103”dən əvvəl “102” gəlir...

Emin Səfərov