Azərbaycan Universitetinin MBA məzununun uğuru - Foto

azerbaycan-universitetinin-mba-mezununun-uguru
Oxunma sayı: 494

Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramının ilk tələbəsi Rəvan İdrisli proqramı fərqlənmə ilə bitirib.

“Qafqazinfo” xəbər verir ki, ona Tuscia Universitetinin də magistr diplomu təqdim olunub.

2023-2025-ci illərdə MBA proqramının tədrisi ingilis dilində aparılan marketinq ixtisaslaşması üzrə təhsil alan Rəvan İdrisli proqramın ilk tələbəsi və ilk məzunu olaraq Azərbaycan Universitetinin tarixinə düşüb. O, təhsilini İtaliyada Degli Studi Gabriele d'Annunzio di Chieti-Pescara Universitetində fəlsəfə doktoru proqramı üzrə davam etdirəcək. 

Beynəlxalq İkili Diplom Proqramına seçilən ikinci tələbə isə İlqar Məmmədovdur. O, ikinci tədris ilinin son semestrini İtaliyanın Tuscia Universitetində oxuyacaq. İlqar Məmmədova təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

Qeyd edək ki, Beynəlxalq İkili Diplom Proqramı Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında imzalanmış müqaviləyə əsasən 2023-cü ildə təsis olunub. Müddəti 2 il olan proqram “3+1 modeli”nə əsaslanır. Proqrama qəbul olan tələbələr I, II və III semestrlərdə Azərbaycan Universitetində, IV semestrdə isə İtaliyanın Tuscia Universitetində təhsil alırlar. Tələbələr İtaliyanın Tuscia Universitetində təhsil aldıqları dövrdə tam təqaüdlə təmin olunurlar. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi verilir, Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunur.