Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
PFL-dən "Qafqazinfo"ya verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Şamaxı-İsmayıllı yolunda baş verib. Qəzaya qatı duman səbəb olub. Komandanın idman direktoru Zaur Qarayev ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, bugün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
“Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobili toqquşub, 1 nəfər sərnişin müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişin nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”, - rəsmi məlumatda qeyd olunub.




Son xəbərlər
Son Xəbərlər