Sabiq bank sədrinin cəzası ağırlaşdırıldı

sabiq-bank-sedrinin-cezasi-agirlasdirildi
Oxunma sayı: 7833

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyevin cinayət işi üzrə yeni qərar çıxarılıb.

“Qafqazinfo” “Report”-a istinadən xəbər verir ki, qərar Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Niyazi Vəliyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə təqsirli bilinib, ona  6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs başqa iş üzrə həbsdə olduğu üçün təyin olunan cəzadan 1 il 2 ay çıxılıb, yekun olaraq üzərində 5 il 4 ay azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Xatırladaq ki, Niyazi Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü ilə  Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə təqsirli bilinib.

Məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. O məhkəmə zalından azadlığa buraxılıb. Hökmü apellyasiya məhkəməsi qüvvədə saxlayıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti əsaslı sayaraq, işi apellyasiya baxışına qaytarıb. 

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.