Azərbaycanda xarici sürücülük vəsiqələrindən istifadə necədir?

Azərbaycanda xarici sürücülük vəsiqələrindən istifadə necədir?
Oxunma sayı: 2756

Konstitusiya Məhkəməsi xaricdə alınmış sürücülük vəsiqələrinin ölkəmizdə istifadəsi ilə bağlı mübahisəli məsələyə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, “Yol Hərəkəti Haqqında” Qanunun 35-1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, onda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir: “Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqda, əgər ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir. Qanunun bu tələbini pozan (yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən) şəxsin avtomobil idarə edərkən sürücülük hüququ olan sayılıb-sayılmaması mübahisəli idi. Konstitusiya Məhkəməsinin 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi. Qərara əsasən, belə şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir”.

Ekspert bildirib ki, onlar bu vəziyyətdə aşkar edilərsə, vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə cinayət məsuliyyətinə (CM-in 263-1-ci maddəsi) cəlb ediləcəklər.

Ə. Hüseynov qeyd edib ki, 1968-ci il Vyana Konvensiyasına uyğun xarici sürücülük vəsiqələri “ASAN Xidmət” mərkəzlərində heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə almadıqda, yəni sadəcə turist kimi və başqa məqsədlə ölkəmizə gəldikdə, burada qalma müddətindən asılı olmayaraq vəsiqəsini dəyişməyə borclu deyil. Belə şəxs öz xarici vəsiqəsindən ölkəmizdə olma müddətində aylarla istifadə edə bilər.