Azərbaycanda yeni radiolar açılır

azerbaycanda-yeni-radiolar-acilir
Oxunma sayı: 3419

Azərbaycanda iki yeni radio dalğa fəaliyyətə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, Audiovizual Şurasının iclasında müzakirə olunub.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib.

Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı – “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib.

Qərarlara əsasən ilkin mərhələdə “Bakı Teleqüllə Kompleksi”ndən 88.7 MHs radiotezliyi “Pro Media Group” MMC-nin, 92.5 MHs radiotezliyi isə “Broadcast Media” MMC-nin istifadəsinə ayrılıb.