Azərbaycanın uşaq futbolunda biabırçı mənzərə - Fotolar+Video

azerbaycanin-usaq-futbolunda-biabirci-menzere
Oxunma sayı: 6936

“Xocalı” futbol klubunun təsisçisi İlkin Hacıyev AFFA-nın keçirdiyi aşağı liqalardakı vəziyyətdən şikayətçidir. 

“Qafqazinfo”ya danışan çalışdırıcı uşaqlar arasında keçirilən çempionatda xeyli çatışmazlıqların olduğunu vurğulayıb. 

İ.Hacıyev aşağı yaş qruplarında hakimlərin bərbad idarəçiliyindən də danışıb: “Bizim oynadığımız aşağı liqalarda çox ciddi problemlər var. Maraqlıdır ki, həmin problemləri həll etməli olduğumuz adamlara zəng edəndə deyirlər ki, “bizim edəcəyimiz heç nə yoxdur”. Bəs, bunları kim yoluna qoymalıdır?! Problem olanda biz AFFA-nın müvafiq şöbələrinə bildirməliyik. Başlayaq hakimlərin idarəçiliyindən. Təsəvvür edin, hakimlər bizə elə iradlar bildirir ki, futbolçularımızın yanında utanırıq. Onlara deyəndə ki, bu niyə belədir, cavab verirlər ki, “kəs səsini, indi qırmızı vərəqə verəcəyəm”. Hakimlərin bərbad idarəçiliyi ilə bağlı AFFA-ya videolar göndəririk, amma növbəti matçda yenə də həmin hakim gəlir”. 

“Xocalı”nın məşqçisi oyunların təşkilindəki problemlərdən söz açıb: “Təsəvvür edin ki, stadionlarda soyunub-geyinmə otağı yoxdur. Uşaqlar soyuqda əziyyət çəkirlər. Mühafizə xidməti demək olar ki, yoxdur. Əslində, təhlükəsizlik işçilərini qınamaq olmaz. Çünki bir stadionda 20-30 oyun olur və bir mühafizə işçisi bunu çatdıra bilməz. Adları bilinməyən AFFA nümayəndələri elektron qəlyan çəkir stadionda. Bir hadisə baş verir və federasiya rəsmisi, oyuna nəzarət etməli olan adam meydançaya elektron siqaretlə girir. Ona da şikayət edənə deyir ki, mənim edəcəyim heç nə yoxdur. Sonra da İntizam Komitəsi bu adamların yazdığı protokollara görə cəza verir. Bir matç olmuşdu ki, hakimə bildirdilər rəqib 10 nəfərdir. U-13 liqasında qayda isə 1+8 oyunçudur. Hakim matçı saxladı, rəqibin oyunçularını saydı və gördü ki, 10 nəfərdir. Buna baxmayaraq qarşılaşmanı davam etdirdi. Matç bitdi, gəlib bizdən üzr istədi. Sonra da İntizam Komitəsi rəqibə texniki məğlubiyyət verdi. Mən neyniyirəm ki, o, qələbəni? Çirkin əməllərə əl atanlar isə yerində qalır. Hansı ki, həmin insanlar futbol adına ləkədir, növbəti dəfə lipalarla meydana çıxacaq. Hakimlər bəzən oyunların neçə dəqiqə keçirildiyini bilmir və gəlib bizdən soruşurlar. Bəzən soruşurlar ki, “Xocalı” bu komandadır? Dekabrın 2-də keçirilən “Xocalı” və “Azart” komandaları arasındakı oyuna təyinat alan 43 yaşlı referi Murad Mehdiyev gəlib məndən soruşur ki, hər hissə neçə dəqiqədir?

Dedim ki, bilmirsiz? Cavab verdi ki, yaddan çıxarmışam. İtirilən vaxtı kompensasiya etmir. Qırmızı vərəqə alan məşqçi meydançanı tərk etmir, gedir dayanır qapının arxasında. Bu harada görülüb? Hakimə deyirsən, amma vecinə almır. İntizam Komitəsi mənə cəza verib. Çünki hakimə demişəm ki, rəqibin qırmızı vərəqə alan məşqçisi stadionda nə gəzir? Sonra referi mənə “qırmızı” verdi, stadionu tərk etdim. Amma o məşqçi yenə də yerində qaldı. Bu “Xocalı” klubuna qarşı qərəzdir. Təsəvvür edin ki, oyun davam edərkən valideynlərdən biri özünü qapının arxasında günə verir. Hakim də buna icazə verir. Mən şəxsən valideynlərimizi stadiona qoymuram. Valideynlər avtomobilləri ilə gəlir düz meydançanın kənarına. Hətta oyunların birində problem yarandı. Sizə videosübut atacağam. Az qala, maşın uşaqlardan birini vuracaqdı. İntizam Komitəsi də protokolda yazılanları araşdırmayıb cəza verir. Onlar video göndərdiyim halda qırmızı alıb meydançada qalan məşqçiyə cəza verir”.

İ.Hacıyev arenalarda texniki zonaların olmamasından da şikayətlənib: “İki aydır, AFFA-ya müraciət edirik ki, texniki zonalar yaradılsın. Çünki ehtiyatda olanlar oturmağa yer tapmır. Uşaqlar yerdə otururlar və biz növbəti matçda meydana buraxmağa adam tapmırıq. Hamısı soyuqlayır, xəstələnir. Döşəkçə gətirib uşaqların altına qoyuruq ki, yerdə oturmasınlar. Dəfələrlə Qurban Qurbanov idmançı sağlamlığından danışıb. Bu idmançılar indi necə sağlam olsun? Meydançaların kənarına tor belə çəkmirlər. Oyunların əksəriyyətində valideynlər meydana girir. Təsəvvür edin ki, qol vuranda valideynlər qaçıb meydana uşaqlarla bir yerdə sevinir. Hakim heç nə demir, AFFA nümayəndəsi baxmır. Onun üçün ayrılan yer var, orada oturub telefonla oynayır. Həkimi isə tapmaq olmur. Demişik ki, növbəti matçda mikrofon aparacağıq ki, həkimi çağıraq. Bunların dərdi nədir bilinmir. “Xocalı” ilə hansısa problem varsa, çıxıb desinlər və idarəçiliyi onlara verək. Abşeron ərazisində keçirilən oyunlara baxmağa bir səlahiyyətli adam gəlmir. Lazım deyilsə, niyə burada liqa keçirirlər. Qeyri-peşəkar addımlar atırlar. Bizim səhvimiz varsa, cəzamızı çəkirik. Bəs, bunları edənlər niyə cəzasın çəkmir? Məşqçilər bilmir ki, qırmızı vərəqə alıb meydançaya girmək olmaz. Elə məşqçilər var ki, uşaqlara söyüş söyürlər.

Bu, təkcə onların komandasına deyil, bizim futbolçulara da təsir edir. Deməli, onlara uşaqların gələcəyi maraqlı deyil, maddiyyatı düşünürlər. Futbolçularım gəlir oyundan sonra sual verir ki, müəllim niyə o məşqçi elə danışır? Hakimlər var ki, futbolçulara kobud sözlər deyir. Niyə hamısı Səbuhi Bayramov ola bilmir? O, oyunçulara “siz” deyə müraciət edir. Mənə heç kim maliyyə ayırmır, AFFA-dan da bunu istəmirəm. Nə top, nə geyim vasitələri tələb etmirəm. Amma ədalətli olmaq lazımdır, təşkilatı işlərə nəzarət etmək lazımdır. Futbolçularımdan biri “qırmızı” almışdı, apellyasiya şikayəti verdim və futbolçunun cəzası bitəndə cavab gəldi. Artıq o, 3 oyunu buraxmışdı. AFFA-da işləyən Anar Salmanov deyir ki, sənin göndərdiyin bütün videolar əsaslı faktdır. Amma ona baxan yoxdur. Lisenziyalaşdırma Komitəsi öz işini görür, amma digər şöbələr görülən işə kölgə salır. AFFA-nın baş katibi Sərxan Hacıyevə müraciət edirəm ki, məni qəbul etsin. Sizə danışdıqlarım olanların 5 faizidir. Qalanını baş katibə demək istəyirəm. Bir neçə dəfə onu aşağı yaş qruplarının oyununda görmüşəm. İndi də gəlsin qəfildən baxsın matçlara. Görsün ki, kimlər, nələr edir. Uşaq futbolunu nə günə qoyublar. Bu problemləri həll etmək üçün böyük zaman lazım deyil, 1-2 həftəyə həll olunar. Hakim yerində durub bu qapıdan o qapıya penalti verir. Bu necə ola bilər? Hakimlər Komitəsinin sədri Barış Şimşəyə məlumat göndəririk, amma baxan yoxdur”. 

AFFA İlkin Hacıyevin səsləndirdiyi ittihamlara cavab verib. Federasiyanın mətbuat xidmətindən bildirilib ki, çatışmazlıqlarla bağlı deyilənlər doğrudur və AFFA bunların həlli üçün çalışır: “Aşağı yaş qrupları üzrə liqalarda təəssüf ki, bəzi çatışmazlıqlar var. Amma bunların aradan qaldırılması istiqamətində daim iş gedir. “Xocalı” klubunun səsləndirdiyi fikirlərə gəlincə, stadiona avtomobillərin buraxılmaması ilə bağlı öncədən də xəbərdarlıq olunub. Stadionlara daha çox valideynlər maşınla daxil olurdular. Təqdim etdiyiniz videodan da görünür ki, bu kifayət qədər təhlükəlidir və xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Artıq bununla bağlı stadion rəhbərliyinə və komandalara məlumat verilib ki, avtomobillə stadionun ərazisinə daxil olmaq qəti qadağandır.  Əgər belə hal təkrarlanarsa, oyunlar dayandırılacaq. 

Paltardəyişmə otaqları ilə bağlı orada ciddi problemlər olmamalıdır. Komandaların sayı çox olduğundan paltardəyişmə otaqları növbəli şəkildə bütün komandalara ayrılır. Bəzən elə olur ki, komandalar artıq formalarını geyinərək stadiona hazır şəkildə gəlirlər və yaxud da növbə gözləməmək üçün avtobusların kənarında dəyişirlər. 

Digər məsələ -  stadion ərazisində tütün məmulatlarından istifadə etməsinə gəlincə, əlbəttə ki, bu, xoşagəlməz haldır. Hər kəs öz davranışı ilə uşaqlara örnək olmalıdır. Uşaq liqalarının əsasnaməsində də bunun qadağan olması göstərilib. Bildiyiniz kimi stadionların ərazisində siqaret çəkilməsi bütün dünyada qadağandır və buna qarşı addımlar atılır. Bununla bağlı da tədbirlər görüləcək”.