Cənubi Qafqaz ölkələri super dövlətləri manipulyasiya edir

-cenubi-qafqaz-olkeleri-super-dovletleri-manipulyasiya-edir-
Oxunma sayı: 1502

ATƏT Minsk qrupu ölkələri həmsədrlərinin Meksikada verdikləri birgə bəyanata toxunan ekspert qeyd edib ki, burada məzmundan daha çox simvolizm önəmlidir. Ekspertin sözlərinə görə, bu bəyanat münaqişə tərəflərinə bir daha xatırlatdı ki, müharibə qəbuledilməzdir və məhz tərəflər münaqişənin nizama salınmasında razılığa gəlməlidirlər.

Tomas De Val Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən insidentin ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz səfərinə kölgə saldığını bildirib. Onun fikrincə, əgər şübhəli məqam olduğunu istisna etsək, vaxt seçimi uğursuz idi: “Görünür, tərəflərdən biri, demək çətindir hansı, diqqəti Qarabağ münaqişəsinə yönəltməyə çalışıb və insident Klintonun səfəri ilə eyni vaxta düşüb. Yeri gəlmişkən, o, regiona sülh çağırışı üçün gəlmişdi”.

Ekspertin fikrincə, şəxsi maraqları olan regional ölkələr super dövlətləri manipulyasiya edir, onları bir-biriləri ilə savaşdırırlar və bu onlarda yaxşı alınır: “Biz razılığa gələ bilmirik deyərək, günahı super güclərin üstünə atmaq asandır. Təmas xəttində nə isə baş verdikdə isə, tərəflər necə olursa olsun super dövlətləri onlar üçün nə isə etməyə həvəsləndirirlər. Problem ondadır ki, əgər super güclər, sonda sizin yerinizə qərar verməyi qərara alsalar bu sizin xoşunuza gəlməyəcək”.

Britaniyalı ekpert hesab edir ki, hərbi güclər ciddi siyasi nəzarət altındadır və təmas xəttində snayper səslərinin eşidilməsinə baxmayaraq, ağır kalibrli silahların istifadəsi ancaq belə bir siyasi qərar qəbul edildiyi halda mümkündür: “Hazırda müharibənin yenilənməsi münaqişə tərəflərinin maraqlarında deyil. Bu, Ermənistana maraqlı deyil, çünki onun istədiyi hər şeyi var. Bu, Azərbaycana maraqlı deyil, çünki bu ölkədə zənginləşdirmə və ordunun təkmilləşdirilməsi prosesi gedir. Ola bilsin ki, 3-4 ildən sonra hesablar dəyişsin”.

Ekspertin fikrincə indiki halda Azərbaycan həm müsbət, həm də mənfi planda dinamik ölkədir: “Müsbət hal odur ki, Azərbaycan zəngin ölkəyə çevrilir, mənfi odur ki, bu ölkənin çoxlu problemləri var, o cümlədən İranla da. Daxili gərginliklər də var və əgər Azərbaycanın daxilindəki situasiya dərinləşsə, Qarabağ kartını oynamaq və ermənilərə qarşı nə isə etmək tamahı da böyüyəcək”.

Ekspert onu da əlavə edib ki, tərəflər bir-biriləri ilə oynamaqdan əl çəkərək bir həftə davam edəcək kiçik müharibəyə başlaya bilərlər: “Lakin ümid edək ki, belə bir şey olmayacaq. Belə ki, bu, çoxlu sayda insan həyatına son qoyacaq və sülh danışıqları prosesində çıxılmaz situasiyaya gətirib çıxara bilər”.



Səidə