BAAU-nun təmsilçisi ECAR layihəsinin tədbirində

baau-nun-temsilcisi-ecar-layihesinin-tedbirinde
Oxunma sayı: 1033

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində idarəetmə məsələlərinə həsr olunan altıncı tədbir keçirilib. 

“Qafqazinfo” Bakı Avrasiya Universitetinə (BAAU) istinadən xəbər verir ki, tədbirdə layihə konsorsiumunun üzvü olan Azərbaycanın 15 universitetinin məsul şəxsləri və Avropa tərəfdaşları iştirak edib. BAAU-nun layihə meneceri, dosent Sevda Rzayeva təmsil edib.

İlkin olaraq layihə koordinatoru Gülşən Bayramova mövcud layihə fəaliyyətləri ilə bağlı təqdimatla çıxış edib. O görülən işlər, əldə olunan nəticələr və qazanılmış uğurlar haqqında iştirakçılara məlumat verib. Görülən işlər sayəsində ölkəmizdə ali təhsilin keyfiyyətinin artırılması istiqamətində xeyli nəticələr əldə olunduğunu bildirib.

Daha sonra elmi işlər, tələbə və məzunlarla iş üzrə komitə sədrlərinin hesabatı dinlənilib. İcra edilən layihənin keyfiyyət təminatı və monitorinqi ilə bağlı xarici ekspert George Dafoulasın sualları layihə icraçıları tərəfindən cavablandırılıb.

Tədbirin sonunda layihənin WP4 və WP5 iş paketlərinə uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati və maliyyə məsələləri, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında da geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra vəzifələr müəyyənləşdirilib.

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin məqsədi milli inkişaf strategiyasına uyğun olaraq universitetlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Layihə Bakı Biznes Universitetinin kordinatorluğu ilə Erasmus+ proqramı çərçivəsində icra olunur.