Bacım atamın baş sümüyünə toxundu... - 32 il sonrakı görüş

bacim-atamin-bas-sumuyune-toxundu
Oxunma sayı: 7099

Kəndimizin işğaldan azad olunduğu üç il ərzində xəyalımda, bəlkə, 300 dəfə ora getmişəm, qəbiristanlıqda atamın məzarını axtarmışam. Xəyali səfərimin xoş sonluqla bitdiyi də olub, ilan çalmasından, mina partlamasından öldüyüm də. Tanıdığım, tanımadığım insanların əzizlərinin o torpaqlarda şumlanmış, dağılmış məzarlarını gördükcə, 30 ildən çoxdur arzusunda olduğum ata məzarını tapa bilməmək qorxusu, kəndimizə getmək tərəddüdlərimi artırıb. Bəlkə də buna görə Zəfərdən sonra 3 il də uzandı bu həsrət. Bəlkə də qismət bu günə imiş. Elə yol boyu bacılarımla ən pis vəziyyətə belə hazırlıqlı gedirdik.

İşğalın izləri Alıxanlı postundan sonra daha çox hiss olunur. Postun girişinə vurulmuş böyük löhvədə “Diqqət! Siz işğaldan azad olunmuş ərazilərə daxil olursunuz!” -yazılıb.  Bu, təkcə darmadağın olmuş kəndlərə girişin, ürəkağrıdan mənzərələrlə rastlaşmağın elanı deyil, həm də işğalın hələ uzun illər bizi təhdid edəcək mina təhlükəsinin qaldığının xəbərdarlığıdır. Təhlükəsizliyimizi təmin etmək üçün bizi müşayiət edən polislərin və ANAMA əməkdaşının bələdçiliyi ilə 30 ildən çoxdu həsrət qaldığımızı kəndimizə üz tuturuq. Yol kənarlarında bir, iki, bəzən üç divarı qalmış, nə vaxtsa ev olan, kənd olan dağılmış tikililər var. Bu divar evlərin sayı o qədər azdır ki, yanından keçdiyimiz kənddə 30 il qabaq neçə sakinin yaşadığını təxmin etmək olmur. Qalan divarlara görə evin əvvəlki ölçüsünü xəyal etməyə çalışıram... gözümün önünə bapbalaca bir koma gəlir. Mümkün deyil! O cüssəli kənd adamlarının bu balaca komalara yerləşməsi mümkün deyil! Ya qalan divarlar tam deyil, daşları sökülüb, ya da bu uçuq tikililər sakinlərinin həsrətindən balacalaşıb. Yanından keçdiyimiz hər kənddə qalıqları qalan evlərin sayı, az qala barmaqla sayılacaq qədərdir. Çoxunu bünövrəsinə qədər söküb aparıb işğalçı.

Yol uzunu üzümüzə sevinc qonduran, fərəhləndirən mənzərələr də var. İrəlilədikcə, yanımızdan irili-xırdalı müxtəlif maşınlar keçir- Azərbaycan nömrəli maşınlar. Uzaqdan yeni tikilən binalar- yenidən qurulan Füzuli görünür. Yol kənarında marketlər, yanacaqdoldurma məntəqələri gözə dəyir. Qurumuş ağac kötüyünün içindən pöhrələyən körpə, yaşıl budaqlar kimi Füzulidə də işğaldan sonra həyat tədricən bərpa olunur.  

Kəndimizə yaxınlaşırıq. Təxmin etdiyimiz kimi buralarda olmalıdır. Kəndimiz yoxdur. Qəbri tapmayacağımızı düşünürüdük, amma kəndimizi tapa bilməyəcəyimizi heç güman etməzdik. Artıq Hadrut postuna çatmışıq. 30 il əvvəlin xəritəsi ilə kəndimizi keçmiş olmalıyıq. Lakin yolun kənarında dağılmış divar qalıqlarının heç biri tanış deyil. Postdan geri qayıdırıq. Maşını lap asta sürərək, yol kənarında nişanələri qalmış tikililərin əvvəlki variantını xatırlamağa çalışırıq. Tanış bir əlamət belə yoxdu ki, ona tutunub kəndimizi tapaq. Relyefin bu dərəcədə dəyişəcəyini düşünməmişdik. Kəndimiz azad olandan sonra girişində yerləşən məktəbin yanında kəndimizin adı yazılan löhvə qoyulmuşdu. O löhvəni tapsaq, kəndimizi tapardıq. O löhvə də yoxdur. Yəqin kəndimizin yenidən bərpa olmayacağı- yaxınlıqdakı digər kəndə birləşdiriləcəyi haqda qərardan sonra yığışdırılıb. Bizi müşayiət edən polisə kəndin girişində məktəb olduğunu deyirik. Həə! məktəb qabaqdadır -deyib, bizi ermənilərin söküb anbara çevirdiyi, əvvəlki halından əsər-əlamət qalmayan tikilinin yanına gətirir. Kələ-kötür yolu maşınla az bir məsafə gedə bilirik, sonra yol yoxdur.

Heç nə 30 il əvvəlki kimi deyil. Təkcə məktəbin yuxarısındakı qoşa çinar yerindədi. Əslində bu illərdə daha qocaman, daha əzəmətli olmalıydı. Sanki inkişafı, yaşlanması, böyüməyi 30 il əvvəl dayanıb. Şükür edirik ki, nə yaxşı bu ağacları kəsməyiblər. Çünki şəkillərdən kəndimizdə bir ağacın da qalmadığını görmüşdük. Ermənilər ya bütün ağacları kəsmişdilər, ya da bulaqları dağıtdıqları üçün ağaclar susuzluqdan qurumuşdu. Çinar isə əzəmətinə, çinarlığına sadiq qalıb.. Bir gün kəndin əsl sakinlərinin qayıdacağına inamını itirmədən, səbrlə gözləyib. Çinarın yanından Cəfər qayası görünür. Piyada getsək, azı 20-30 dəqiqə yolu var. Uşaqlığımızın ən əziz xatirələrinin şahidi olan Cəfər qayası da sanki balacalaşıb. Yarısı qədər torpağa girib. Uşaq vaxtı sinəsindəki qaya parçalarından əlimizə xına qoyduğumuz, lap zirvəsindən üzüaşağı qorxmadan qaçdığımız Cəfər qayası.. 

İndiki halda qəbiristanlığa ən yaxın yol çinar ağaclarının altından keçir. 32 il əvvəl atamı dəfn etdiyimiz kənd qəbiristanlığından əsər yoxdur. Uzaqdan yalnız böyük kolluq ərazi görünür. Qaratikan kollarının arasında başdaşısız qalmış qəbirlər görünmür belə. 32 il əvvəl bu çinarın yanından baxanda qəbiristanlıqda ilk görünən atamın qara mərmər daşlı qəbiri idi. Atamın məzarı bu qəbiristanlığın ən yaraşıqlı qəbiriydi. İndi isə tanımayan olsa, bu məsafədən baxanda ümumiyyətlə bu kolluğun qəbiristanlıq olduğunu bilməz. Sevincin, kədərin qarışdığı bir hisslə, dolmuş gözlərimizlə, az qala qaça-qaça təpəyə qalxıb, atamın qəbrini tapmağa çalışırıq. Qəbiristanlığın ərazisini bildirən dəmir tor çəpər yerində olmadığından, məzarlığın hardan başlandığı bilinmir. Üstəlik sıx qaratikan kolları da bizi çaşdırır.

Yol boyu yerini əzbərə danışdığımız məzarı tapa bilmirik. Çaşqın -çaşqın aşağı-yuxarı qaçırıq. ANAMA əməkdaşının mina təhlükəsi xəbərdarlığı belə donmuş beynimizə çatmır. Hərəmiz bir tərəfə qaçıb məzarı axtarırıq. Hönkürtümüz boğazımıza yapışıb. 32 il əvvəl son dəfə gördüyümüz məzarı tapsaq, boğazımızda düyünlənmiş bu qəhər, gözümüzdə toplanmış bu yaş bir anda çıxar, biz də bir az toxtayarıq. Lap köhnə, ağ daşlı, bəzilərinin sinədaşı, bəzilərinin başdaşı qalmış qəbirləri tapdıqca, üstündə oxuya bildiyimiz adları hündür səslə bir -birimizə deyirik. Yox, onun yanında deyil! Yenə axtarışa davam. Həyəcandan qəlbimiz dayanacaq. Bir tərəfdən də paltarlarımıza ilişən qaratikan kollarını aralayıb arasından keçmək axtarışlarımızı bir az da ləngidir. Tikanın ağrısı da bizi ayıltmır.

Nəhayət, üç yan-yana, yalnız betonlaşmış hissəsi qalan məzarları tapdıq. İllər öncə atamı əmisinin və bibisi oğlunun yanında dəfn etmişdik. Hər üçünün məzardaşı qara mərmər idi. Sağdakı məzarın üstünə çökürük və dəqiqələrdir boğazımıza yığılan hönkürtüdən xilas oluruq. Məzarın baş tərəfində torpağa çökmüş bacım birdən qışqırır: “Atamın məzarıdır! 100 faiz onun məzarıdı! Bax, göy rəngdə tabut, qızıl dişini də çıxarıblar”. Bu qışqırıqda həm ağrı, həm sevinc var. Düşmən atamın məzarını bir kubik daşından böyük yarıb. Tabutun baş tərəfindən taxtaları sökərək qızıl dişini çıxarıb (Xatırlayıram ki,  o vaxt atamın güllə yarasından öldüyünü əsas gətirərək tabutda dəfn etmişdilər ).Baş hissə bu dağılmış yerdən açıq görünür. Bacım əllərini uzadıb atamın baş sümüyünə toxunaraq çığırır. Onu zorla kənarlaşdırırıq. Hönkürtümüz ANAMA əməkdaşını, polisi təsirləndirir, onların da gözü dolub. Bayaqdan açıq qalan telefonun o başında bizi sakitləşdirməyə çalışan xalama məzarı tapdığımızı deyirəm. Ağlaya-ağlaya, sevinə-sevinə. Adam atasının dağılmış məzarını, parçalanmış tabutunu, tabutdan çıxarılmış kəllə sümüyünü, qırılmış dişini görəndə sevinərmi heç? Normal deyil axı! Amma biz sevinirdik- atamın sümüklərinin yerində olduğunu, qəbrinin şumlanmadığını görüb şükür edirdik. Qəbrin dağılmış hissəni müvəqqəti də olsa daşla, torpaqla örtərək, atamın şəkli olan dəmir löhvəni başdaşı əvəzinə torpağa sancdıq və apardığımız bayrağı da şəklin yanından asdıq. Tezliklə bir də görüşmək ümidiylə atamın məzarıyla vidalaşdıq.

Bakıdan yola çıxanda planda evimizə, daha doğrusu şəkillərdən bünövrəsi belə qalmayan evimizin yerinə gedib baxmaq da var idi. Amma qəbiristanlıqdan çıxanda ruhumuz o qədər bitkin, o qədər ağrılıydı ki, daha bir darmadağın ünvana getməyə hazır deyildik. Hələ gördüklərimizin də yarası isti idi. Yaradan qan axanda ağrısını necə hiss etmirsənsə, eləcə hissiz idik. Bu hiss kənddən qayıdandan sonra günlərlə davam etdi.

Atamın məzarının yanında çəkdirdiyim şəkli paylaşımıma rəfiqəmin yazdığı bir fikir məni çox təsirləndirdi. Yazmışdı ki, Allah ziyarətini qəbul eləsin! Necə gözəl ifadə etmişdi. 30 ildən çox həsrət qaldığımız hər məzar, hər daş, torpaq parçası indi bir ziyarətgahdı. Şəhid atalarımızın məzarlarına bizi şəhid balalarımız qovuşdurdu. Allah bu torpaqların hər qarışına qanı tökülən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin! Allah bizlərə o dağılmış qəbiristanlıqları, kəndləri yenidən bərpa etmək gücü, o torpaqlarda yenidən ev etmək, oba etmək, o torpaqları yenidən Vətən etmək fürsəti, imkanı versin!

Sülhiyyə Şirinova