Bakı Olimpiya Stadionu hazırdır- - Reportaj+Fotolar

baki-olimpiya-stadionu-hazirdir-
Oxunma sayı: 6336


Bu sözləri bir gün öncə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

***

Apasport.az-ın əməkdaşı bu gün arenada olarkən, stadionun çökməsi ilə bağlı yayılan xəbərlərin şayiə olduğunun bir daha şahidi olub. “Qafqazinfo” stadiondan reportajı təqdim edir:

Hazırda Avropa Oyunlarının keçiriləcəyi obyektlər kimi Bakı Olimpiya Stadionunda işlər tamamlanmaq üzrədi. Daha doğrusu, arenada tikinti işləri tam başa çatıb və abadlıq işləri görülür. Hətta stadionun ətrafına əkiləcək ağac və kollar da gətirilib. İşlərin sürətinə isə söz ola bilməz. Havanın küləkli olmasına baxmayaraq, hamı ürəklə çalışır və Avropa Oyunlarının əsas mərasimlərinin keçiriləcəyi obyektdə bütün güclərini səfərbər edirlər. 

*** 

Stadionun içərisində hər şey hazırdı. Tikintisinə 2012-ci ilin dekabrında başlanılmış arenanın istismara hazırlığı ilə bağlı Akt imzalanıb və arena Gənclər və İdman Nazirliyinə təhvil verilib. 

Təxminən 50 ha ərazidə inşa olunan, 62 metr hündürlükdə və 6 mərtəbədən ibarət olan obyekt müasir tikinti üslubu ilə fərqlənir. Beynəlxalq standartlara tam cavab verən Bakı Olimpiya Stadionunun sahəsinə 4, tribunlara 26 qapıdan giriş nəzərdə tutulub. Təməli 2011-ci il iyunun 6-da Azərbaycan prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə qoyulan tikilidə müxtəlif funksiyalı tribunalar, qaçış zolaqları və digər infrastrukturlar yaradılıb. Ən müasir avadanlıqlardan və inşaat materiallarından istifadə olunan stadion 68 min 195 tamaşaçı tutumuna malikdi. Burada əlil azarkeşlər də nəzərə alınıb. Stadionun daxili sahəsi 120,830 kvadrat metrdi. Arenada, həmçinin VVİP, VİP, CİP, media, hovuz və digər sektorlar da mövcüddu. Oturacaqlar açılıb-bağlanan olması ilə yanaşı, rəngləri ilə də diqqəti cəlb edir. Əsas meydandan başqa, əlavə stadion da inşa edilib ki, burada da oturacaqlar quraşdırılıb, bütün işlər tamamlanıb. 

Tikilinin 4-cü mərtəbəsi ali qonaqlara xidmət edəcək. Buraya kreslo, televizor, kofe stolu ilə yanaşı, hansısa görüşlər keçirmək üçün dəyirmi masa da qoyulub.

*** 

Stadionun baş meneceri Ron Kameron da işlərin gedişindən razıdı. O bildirib ki, Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsi Bakı Olimpiya Stadionunda artıq yeni mərhələyə qədəm qoyub: “Ümumi olaraq, tikinti işləri tam bitib. Yəni, Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsi ilə bağlı hansısa iş qalmayıb. Sadəcə, abadlıq işləri aparılır. Biz açılış mərhələsinin hazırlıq mərhələsinə keçirik. Bu, iyunun 12-dək davam edəcək”. 

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınması nəzərdə tutulub. Lakin bu işlər açılış mərəsimi üçün startı verilən treninqlərə mane olmayacaq: “Hazırlıq mərhələsinin bir hissəsi olaraq, 6000-dək könüllü treninq keçirlər. Bu treninqlər açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub”.

Stadionda açılış və bağlanış mərasimləri ilə yanaşı, atletika yarışları da təşkil olunacaq. Komandalararası mübarizə iyunun 21-22-də baş tutacaq və 1 dəst medal öz sahibini tapacaq.

Baş menecer açılışı Avropa Oyunlarının açılışına təsadüf edəcək stadionda iyunun 12-dək test yarışının olacağını da açıqlayıb: “Oyunların startına kimi burada atletika üzrə yarışlar da təşkil edəcəyik. Test olaraq, 1 turnir nəzərdə tutmuşuq. Bu, ictimaiyyət üçün açıq olmayacaq. Daxili bir yarış təşkil ediləcək”.

Kameron müəyyən müddət öncə səpilən ot toxumunun cücərdiyini və yarış meydanında da hansısa işin qalmadığını deyib: “Bizim üçün gərgin bir mərhələdi. Artıq həm açılış mərasiminə, həm də test yarışına hazırlıq getməlidi”.

*** 

Beləliklə, stadiondan xoş təəssüratlarla ayrılırıq. Çünki məhz bu arena Avropa Oyunlarının ardınca 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını və 3 il sonra futbol üzrə Avropa çempionatının oyunlarını da qəbul edəcək. Futbol yığmamızın da “Tekfen İnşaat və Təsisat A.Ş” tərəfindən inşa edilən arenadan qələbə qazanacağına ümid edirik.