Bakı sakinləri niyə qaraqabaqdır?

baki-sakinleri-niye-qaraqabaqdir
Oxunma sayı: 7233

Azərbaycandan kənara çıxan kimi diqqətimizi ilk çəkən amil təbəssümdür. Gəlib əzizlərimizə yazıq-yazıq söz açdığımız özəlliklərin kökündə əcnəbilərin hey gülərüz olması dayanır.

Bir az bayır-bucaq görən kimi hər kəsi bir sual düşündürür?

Niyə Bakıda hamı qaraqabaqdır?

Addımını evdən Bakıya qoyan kimi üstünə böyük bir qaramat gəlir, Şekspir demişkən, əgər “dünya bir teatrdırsa...” Bakı sakinlərinin bəxtinə ağlayan maska düşüb.

Hamı qapqara, göm-göy, bom-boz geyinib. Hamı içini qarşısındakından qorumaq, gizləmək istəyir. Hamı hər an digərinin üstünə atıla, onu həlak edə bilər.

Həmin insanlarla yaxından tanış olanda, görürsən ki, onlar heç də ilk baxışdan göründükləri kimi deyil. Ürəkləri dovşan ətindən də yumşaqdır. Axı onlar evlərində, dostlarının yanında olanda dayanmadan şaqqanaq çəkirlər.

Bəs, tanımadıqları adamlara qarşı niyə bu qədər qaraqabaqdırlar?

Səbəbi bir cümlə ilə ifadə eləmək zorunda qalsaq, belə demək olar: Fürsətcilliyi fərasət sayan toplumlarda insanlar daim qaraqabaq olur.

Ətrafımızdakı əksər adamlar fürsətcildir. Onlar hər saniyədə başqasından bir addım önə keçməyi uğur hesab eləyirlər. Bu fürsətcilliyin məqsədi heç maddiyyat da deyil. Bakıda fürsətcillik, bir növ, dəbə çevrilib.

Əksər atalar evdə körpə uşaqlarına, bəzən qəsdlə, bəzən də çarəsiz şəkildə belə deyirlər: Gördün ki, dava düşüb, birinci özün vur.

Bizim qaraqabaqlığımız qarşımızdakı fürsətcil adamların bizdən istifadə etməməsi üçün qaldırdığımız qalxandır.

Özümüzü elə aparırıq ki, guya çox əsəbiyik, bizdən kimsə nəsə istəsə, yaxud bizə qarşı hörmətsizlik eləsə, qan tökərik. Üzümüzə bizə xas olmayan bir maska asıb küçədə, bacada işlərimizi görürük, o qədər həmin maskayla gəzirik ki, bəzən evə girəndə də həmin maskanı çıxara bilmirik. Özümüz həmin maskaya oxşamağa başlayırıq. Təbəssümümüz imitasiya etdiyimiz əsəbi adamınkına oxşayır, üz qırışlarımız təbəssümə yox, əsəbə köklənir.

Bəli, səbəb qabağımızdakından özümüzü qorumaqdır.

İstəyirsiniz, test edin:

Bir dəfə insanların arasına gülə-gülə düşün. İngilislər demişkən, “cheese”in biri bir qəpikdən:

1) Şəhərin bütün dilənçiləri üstünüzə gələcək.

2) Dilənçi olmayanlar da, sizi kənara çəkib pul istəyəcək.

3) Növbədə qabağınıza keçəcəklər.

4) Portağalı sizə baha satacaqlar.

5) Hamı sizi şad görüb əsəbini üstünüzə tökəcək. Çünki siz əsəbi deyilsiz, sizə qarşı azı bir artıq hərəkət eləmək olar. Yəni sizdə kiminsə əsəbini yemək üçün azından bir yer var.

Xülasə, gülümsəsəniz, kim nə hiyləgərlik bacarır, üstünüzdə test edəcək. Çünki bu yerlərə təbəssüm xas deyil. İnsanlar düşünür ki, belə bir vəziyyətdə gülümsəyən adam çox güman ki, normal deyil. Bunu hərifləmək olar. Odur ki, hamı məcbur özünü əsəbi, dünyanın bütün çirkin üzlərini görmüş biri kimi aparır ki, kimsə ondan istifadə eləməsin.

Fürsətcil adamlar qarşısında özünü qorumağın yeganə yolu qaraqabaq obrazdır. Ona görə də, Bakıda insanları qarabaqlığa görə qınamaq düzgün deyil?

Bəs, fürsətcilliyin səbəbi nədir?

Fürsətcilliyin səbəbi genetik deyil. Fürsətcilliyin fərasətə çevrilməsinin ilk səbəbi ölkədə uzun illərdir iqtisadi-sosial sistemsizlik səbəbindən fərdlərin öz başını saxlamaq zorunda qalmasıdır. İqtisadi sistem vahid proqram kimi çalışanda fərdlərin bir-birinə işi düşmür. Hər kəs eyni qanunlar qarşısında müntəzir olanda, cəmiyyətin hər bir üzvü özünü bütün hadisələr qarşısında eyni cür aparır. Nəticədə qanunlar qayda şəklində işlək olur. Fürsətcil olmaq işə yaramır. Daha doğrusu, fürsət güdmək üçün boşluqlar qalmır. Ata qanun öz hökmü ilə bütün boşluqlara qurğuşun kimi dolur.

Bütün qanunların tam işlək olduqda cəmiyyətlərdə insanların gülümsəməkdən başqa çarəsi qalmır. Bir növ, rahatlıq adama qıdıq verir.

Bir sözlə, normal toplum öz-özünə gülə bilməz. Onu güldürmək lazımdır. Səbirsizliklə Bakının gülümsəyəcəyi günü gözləyirik.

Sərdar Amin,

xüsusi olaraq “Qafqazinfo” üçün