Bakıda beton yol təmir olunur - Video

bakida-beton-yol-temir-olunur
Oxunma sayı: 3515

Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Məlumata görə, təmir-bərpa işləri hazırda avtomobil yolunun 14-15-ci km-də aparılır. Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır.

Bundan başqa, yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır.

Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur. Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.

Qeyd edək ki, sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.