Bakıdakı borc aparatları qanunsuzdur? - Ehtiyatlı olun!

bakidaki-borc-aparatlari-qanunsuzdur
Oxunma sayı: 7081

Bakıda quraşdırılan “Azpulmat” özünəxidmət terminallarının fəaliyyəti sosial şəbəkələrdə ciddi müzakirə edilir.  

“Qafqazinfo” xəbər verir ki, şəhərin bir neçə ərazisində quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Həmin borc beş gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarmalıdır. Bundan sonra təkrar müraciət zamanı isə şəxs 40 manat pul götürə bilər.  

Əsasən işsiz insanlar sözügedən aparatlardan pul çıxarır, ancaq  bunun məsuliyyətini dərk etmir. Hətta bu şəraitin vətəndaşlar üçün Mərkəzi Bank tərəfindən yaradıldığına da inanırlar. 

Maraqlıdır ki, bu aparatlar kimlər tərəfindən  quraşdırılıb? Sözügedən fəaliyyət üçün qanuni icazə alınıbmı? 

“Qafqazinfo” bu istiqamətdə araşdırma aparıb. Məlum olub ki, əhalinin fərdi məlumatlarını əldə etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən icazə alınmalıdır. Həmin şirkətin nazirlikdən bununla bağlı icazə alıb-almadığı hələ məlum deyil. Bununla bağlı sözügedən nazirliyə göndərdiyimiz sorğuya həftənin birinci günü cavab veriləcəyi bildirilib. 

Digər məsələ isə ölkədə mikromaliyyələşmə mexanizmi  ilə bağlıdır. 

“Qafqazinfo” xüsusilə xatırladır ki,  Azərbaycanda “Lizinq xidməti haqqında” və “Lombardlar haqqında” qanun hələ təsdiq edilməyib. Bundan çıxan nəticə də göstərir ki,  şirkətin əhaliyə kredit verməsi ilə bağlı heç bir icazəsi yoxdur. 

Tutaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən fərdi məlumatların əldə edilməsi ilə bağlı lisenziya alınsa belə, əgər Maliyyə  Bazarlarına Nəzarət Palatasından icazə alınmayıbsa, fəaliyyət qeyri-qanuni sayılır. 

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev də “Qafqazinfo”ya bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası  maliyyə bazarları sahəsində fəaliyyətin tənzimlənməsi, nəzarət sisteminin şəffaflığının  və çevikliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir: “Bu əsasda aparılan monitorinqlar zamanı nağd pul vəsaitinin verilməsi (kredit)  ilə bağlı quraşdırılmış  “Azpulmat” özünəxidmət terminallarının fəaliyyəti araşdırılıb. “Azpul" MMC-yə məxsus terminallar vasitəsilə kreditin rəsmiləşdirilməsi üçün fiziki şəxslərdən fərdi məlumatlar, o cümlədən, biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir.

Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” qanunlarla tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. 

Həmçinin, “Biometrik informasiya haqqında” qanunun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin 28 oktyabr 2008-ci il tarixli fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi  Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir. 

Qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib”.

Palatanın məlumatından bu terminalların sahibinin “Azpul” MMC-yə məxsus olduğu aydın olur. Ancaq araşdırmamız zamanı, sözügedən MMC-nin fəaliyyəti haqqında heç bir məlumat əldə edə bilmədik. Sadəcə, “azpul.az” adlanan saytları var. Həmin saytda da şirkətin rəsmi çərçivədə fəaliyyət göstərdiyi  barədə heç bir informasiya yoxdur. Saytda qeyd edilən telefon nömrəsinə isə dəfələrlə müraciət etsək də, zənglərə cavab verən olmayıb.

“Qafqazinfo” məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilidən də münasibət öyrənib.

O qeyd edib ki, dünyada mikromaliyyələşmə adlanan bir mexanizm var: “Mikromaliyyələşmənin mahiyyəti kiçik məbləğdə pul götürmək və onu qısa müddət ərzində qaytarmaqdır. Məsələn, Rusiyada bu təcrübə çox geniş yayılıb. Orada “Maaşdan-maaşa” deyilən bir sistem var. 10-15 gün müddətində maaş alana qədər, ya da maaşının bir hissəsi qədər kredit götürülür. Ancaq bu mikromaliyyələşmənin həcmi çox böyüyəndə əhali üçün ciddi fəsadlar yarada bilir. Ona görə dünyada qanunvericilikdə  maksimum həddlə bağlı limit qoyulur. Tutaq ki, bunun illik faizi 300 faizdən çox ola bilməz. Çünki burada faiz də kifayət qədər böyükdür.  Buna görə mikromaliyyələşmə qanunla tənzimlənir.  Bunun həcmi çox artarsa, əhali üçün fəsadlar yarada bilər. 

Ümumiyyətlə, şirkət bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməlidir. Məndə belə lisenziyanın alınıb-alınmadığı ilə bağlı məlumat yoxdur. Çünki bu fəaliyyət lisenziyalaşdırılan bir fəaliyyətdir. 

Bundan əlavə, mikrokreditlərin verilməsi mexanizmi isə kredit və bank haqqında qanunvericiliklə tənzimlənir. Burada istənilən halda bank olmayan kredit təşkilatları var ki, bu fəaliyyətlə məşğul ola bilərlər. Bu da qanunvericiliklə tənzimləndiyi üçün də bu məqsədlə icazə tələb olunur”.

Günel Türksoy