Bakıdan gedən yük maşınında 200 qaçaq tutulmasına - Gömrük Komitəsindən reaksiya

bakidan-geden-yuk-masininda-200-qacaq-tutulmasina
Oxunma sayı: 8710

Türkiyədə qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çorum şəhərində şübhəli yük maşını aşkarlanıb. Bu zaman sürücü düşərək qaçıb. Maşının yük yerində isə azərbaycanlı və əfqan olmaqla 200 qaçqın olub.

Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.

Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Azərbaycanın paytaxtı Bakı şəhərində yığılıb və Türkiyə üzərindən gizli olaraaq Avropaya keçməyi planlaşdırıblar. 

***

Dövlət Gömrük Komitəsi faktla bağlı məlumat yayıb. Məlumatda deyilir:

"Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında fəaliyyət göstərən medya orqanlarına istinadən Türkiyə Respublikasının Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan Respublikası vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Azərbaycan Respublikasının Bakı şəhərində pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsində aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb. Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-ci ildə Azərbaycan Respublikası ərazisində olub.

Üstəlik hadisə ilə bağlı Tükiyə Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur".

Aysel Kərimova