“Bandotdel”in rəisi Arif Hacılıya xəbərdarlıq etdi - Yenilənib

bandotdelin-reisi-arif-haciliya-xeberdarliq-etdi
Oxunma sayı: 9982

Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

"Qafqazinfo" bastainfo.com-a istinadən xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.

BMCMİ-nin nümayəndələri qeyd edib ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.

Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.

***

Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olub. Müsavat başqanı BMCMİ-yə vəkili Nemət Kərimli ilə gedib. Orada qurumun rəisi Seyfulla Əzimovla görüşüb. BMCMİ-nin rəisi A.Hacılıya bildirib ki, onlarda son günlər Siyəzəndə, Lənkəran və digər rayonlarda baş verən kütləvi etiraz aksiyalarının təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. S. Əzimov bu görüşün məqsədinin həmin məlumatlarla bağlı Müsavat Partiyasına xəbərdarlıq edilməsi olduğunu bildirib.

A.Hacılı isə ona cavab olaraq bildirib ki, Müsavat Partiyası hələki kütləvi aksiyalar barədə qərar verməyib:“Bildirdim ki, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcək”.