Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi

bas-prokurorluqda-heyder-eliyevin-xatiresine-hesr-olunmus-anim-tedbiri-kecirildi
Oxunma sayı: 1167

Bu gün Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, öncə Baş Prokurorluğun rəhbərliyi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu mənada möhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi barədə Sərəncam imzalaması Ümummilli liderimizin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdışı tariximizin hərc-mərclik, ağır tənəzzül illərinə, uğursuz müharibə, Azərbaycan torpaqlarının bölüşdürülməsi planlarının reallaşması, torpaqlarımızın düşmənə təslim edilməsi dövrünə təsadüf edib. Məhz bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas edib, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarıb. Onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamını özünə qaytarıb.

Çıxış edən Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi ilk illərindən başlayaraq Qarabağda  sosial infrastruktur qurulmağa başlandığını, bölgənin mənəvi-siyasi həyatının dəyişməsi istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın digər əraziləri ilə yanaşı Qarabağda da sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkşaf etdiyini bildirib.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi izlənilib.