Axmaq idarəçilər

axmaq-idareciler
Oxunma sayı: 771

Axı bu ölkədə yaxşı işçinin qədrini heç kim bilmir. Malın dəyəri var, stolun, stulun, kompüterin qiyməti var. Hər şey dəyərlidir. Amma işçinin canı it canıdır. Bu kəsindir, qətidir, dəqiqdir. İnsan, əmək hüquqları deyirlər ha, bizdə o, kağız üzərindədir, özü də onlardan lazımi şəxslərin hərəsi bir cür istifadə edir.

Bütün rəhbərlərin də bir devizi var. Əvəz olunmayan işçi yoxdur. Ay, sizin gündə min dəfə qoruduğunuz canınız üçün. O sənə elə gəlir. Deyim niyə?

Niyəsini eşitməyə tələsməyin. Hətta niyəsindən önəmli nüanslar var. Ondan danışmasam partlaram.

Bu yaxında br jurnalist həmkarımla söhbət edirdim. Adının çəkilməsini yəqin istəməzdi. Savadına, səriştəsinə, təcrübəsinə və xarakterinə yaxşı bələdəm. Yaltaq deyil. Elə bir neçə qəzeti dalbadal dəyişdirməsi buna yaxşı göstəricidir. Rəhbərin yumşaq desəm, gözünə girməyi bacarmayanlardandır. Hər dəfə olduğu kimi bu dəfə də işdən çıxanda dərdini mənə danışırdı. Və mən onun bu dəfəki hekayəsini eşidərkən bir nüansa diqqət etdim. Bu hekayəni, özümün şəxsi təcrübəmi və işdən çıxarılan başqa tanışlarla bağlı digər hadisələri də yadıma salıb belə bir ümumi qənaətə gəldim. Bizim vəzifənin başında, kreslonun üstündə, əlvan telefonların yanında oturan, üzü qırmızı, səsi yoğun, bir telefonda aşağılayan, digər telefonda aşağılanan rəhbərlərimiz (sanki bu bir qaydadır) idarəçilik prinsiplərindən qətiyyən anlamırlar. Yenə də sözün yumşaq mənasında deyirəm. Belə olmasaydı bu günə qalmazdıq. İndiyə qədər bütün şirkətlərdə, idarələrdə, redaksiyalardakı yaxşı işçilər məhz idarəçilik elminə bələd olmayan, dünən pul, vəzifə görən, kiminsə yerlisi, kiminsə qohumu olan müdirlər tərəfindən yumşaq desəm, uzaqlaşdırılıblar.

Ayə, bəs niyə? Niyə xarici ölkələrdə hər bir kadrın yetişdirilməsinə şirkət tərəfindən illər sərf olunur, ona yüksək əmək haqqı verilir, transferi milyonlarla dollara başa gəlir, hətta nazı ilə oynanılır. Bəs niyə bizdə illərin kadrı, mütəxəssisi ilə zibil yeşiyi kimi davranırlar? (Hələ yeni işçilərdən danışmıram)

Bunun qırx səbəbi var. Mən çalışacam müxtəsər edim.
Çünki bizim rəhbərlərə elə gəlir ki, Azərbaycanda heç kim öz hüququndan nə danışa bilər, nə müdafiə edə bilər, nə də onu bərpa edə bilməz. Əmək müqaviləsindən danışa bilməzsən, yoxsa şirkətin bütün şər-şəmətə hüquqqşünaslarını sənin üstünə qaldırıb elə maddə ortaya çıxararlar ki, ömürboyu şirkətə borclu olarsan.
İkinci, hər bir azərbaycanlı potensial ucuz və yalvaran işçi qüvvəsidir. Hətta 200 manat maaşa 1000 manat rüşvət verib işə düzələnlər var. Ona görə də işdən gedən kadrın yeri tez dolur. Təbii ki, keyfiyyətə baxmadan. Yəni heç kim dahi deyil. Get tullan...
Üçüncü, müdir qarşısındakını “sındırmaq”la özünün və digər işçilərin gözündə özünü ucaldır. Psixologiyada buna natamamlıq kompleksi deyirlər. Mən böyüyəm, yerinin bilmirsənsə, küçədə olacaqsan.

Yaxşı deyək ki, ay müdir, sən asi işçini cəzalandırdın, “sındırdın”, uzaqlaşdırdın, balalarını ac qoydun, qoy getsin özünə min bir zülmlə iş axtarsın. Bir dəqiqə əziz və ağllı rəhbər sənin eqon qalib gəldi, amma bəs sən harada uduzursan? Qoy indi mən bunları sadalayım. Görək, sən ağıllısan, ya yumşaq desək, yox.

1. Təcrübəli, səriştəli kadrı qovmaqla elə birinci gündəcə uduzan sən özün olursan. Onun kimi birisini tapmaq asan deyil. Əgər işinin keyfiyyətli olmasını istəyirsənsə!

2. İşdən gedən hər bir kadr sənin mətbəxini gözəl bilir. O gedib bu işdən yenə qura bilər və ya sənin rəqibinə nəinki keyfiyyətli kadr, hətta səndən incik düşmüş, amma sənin zəif nöqtələrini, qüsurlarını, qorxularını gözəl bilən yaxşı casus ola bilər. Buna görə də hər bir işdən çıxardığınız kadrdan qorxun. (Hamı yadına salsın öz keçmiş rəhbərinin nə qədər qüsurlu işini, zəif nöqtəsini, hətta şəxsi sirrlərini bilir).

3. İşdən ayrılmaq məcburiyyətində qaldığınız işçinizin heç olmasa əmək haqqını kəsmədən, kişi kimi ödəyin. Sizin haqqınızda cəmiyyətdə pis fikirlər dolaşmasın, sonra eşidib donquldanmayasınız deyə.

4. Nə bilirsən yeni gələn kadr sənin başına hansı torbalar hörəcək, işi yarıdacaq-yarıtmayacaq? Gündə 20 dəfə köhnə işçinin yerini sənə aratmayacaq? Zalım oğlu olsaydı, işi indi bitirmişdi, mən də dincəlirdim dedirtməyəcək?!

5. Ay yumşaq desək, ağıllı müdir onu bil ki, heç bir təcrübəli, səriştəli kadr nə çarəsiz, nə işsiz qalmayacaq. Uzağı 2 aya onun yeri hansısa, daha yaxşı bir ofisdə hazırdır. İndiyə qədər heç kim bu ölkədə acından ölməyib, işsiz qalmayıb, cənab müdir! Və o sənə möhtac deyil, sən yaxşı kadra möhtacsan. Bunu qəti unutma.

Bir haşiyəyə çıxım. Xarici ölkələrdə rəhbərliyin kadr problemi ilə də PR-menlər məşğul olur. Daha bizim qurama İctimaiyyətlə əlaqələr idarəsinin rəisindən söhbət getmir e. Müstəqil, müqavilə və yüksək əmək haqqı ilə dəvət olunan PR-mendən danışıram.
Bir zamanlar məşhur Rokfeller qəddar idarəçi kimi ad çıxarmışdı. Vəziyyət elə hala gəlmişdi ki, onun bu qəddarlığı Rokfellerin cəmiyyətdə pis nüfuz qazanmasına və bu da şirkətlə işləmək istəməyən təcrübəli kadrların işdən getməsi ilə şirkətin müflisləşməsinə səbəb olmuşdu. Rokfeller hər şeyin məhv olduğunu görür. Ondan ayrılan kadrlar rəqib şirkətlərin sürətli inkişafına səbəb olurdular. Rokfeller indiyə qədər barmaqarası baxdığı PR-menlərə üz tutdu. PR-menlər artıq gec olsa da əlac tapdılar. Rokfeller lap aşağıdan başlayacaqdı. O tərtib olunmuş siyahı ilə adgünü qeydə alınan fəhlələrin kasıb komalarına növbə ilə getməli, onlara hədiyyələr aparmalı, sağlamlıqlarının qayğısına qalmalı, əlavə maaş və mükafatlar təyin etməli idi. Bu xəsis Rokfellərə maddi zərbə demək idi. Amma onun imicini də qurtaracaqdı. Beləcə bir neçə ay ərzində qəzetlərdə verilən “işçilərin balalarının babası” imici və uşaqlara bağışlanan bir-iki kiçik hədiyyə Rokfelleri böyük iflasdan qurtardı.

İndi əziz bizim müdirlər, əlinizi qoyun o dolu bildiyiniz başınıza və fikirləşin. Uduzan kimdir? Səriştəli və təcrübəli işçinin qədrini bilməyənə yumşaq desək, nə deyərlər?!