“Bazelin” Bakıya 12 il əvvəlki səfəri - Yaxtada qonaqlıq, “Bentley” ilə gəzinti

“Bazelin” Bakıya 12 il əvvəlki səfəri
Oxunma sayı: 2261

Sabah UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Bazel” Bakıda “Qarabağ”ın qonağı olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu, İsveçrə təmsilçisinin ölkəmizə ilk gəlişi deyil.

“Bazel” ilk dəfə 2009-cu ildə rəqib qismində Bakıya gəlib. Həmin vaxt İsveçrə çempionu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”nın qonağı olmuşdu.

2009-cu il avqustun 20-də baş tutan görüşün 49-cu dəqiqədə Fernando Peres “Bakı”nı hesabda önə keçirmişdi. Lakin Coko Haciyevskinin komandası qələbə hesabını sona kimi qoruya bilməmişdi. 70-78-ci dəqiqələr aralığında 3 qol vuran “Bazel” Bakıdan qələbə ilə qayıtmışdı.

Həmin vaxt təkcə Respublika stadionundakı qarşılaşma deyil, oyundan öncə günorta saatlarında 2 klub rəhbərliyinin iştirakı ilə baş tutan ziyafət, daha dəqiq desək, “Bakı”nın qonaqpərvərliyi İsveçrə mətbuatında maraqla qarşılanmışdı.

“Bakı” rəhbərliyi qonaqlar üçün yaxtada ziyafət təşkil etmişdi. Daha sonra isə “Bakı”nın prezidenti Hafiz Məmmədov idarə etdiyi “Bentley” ilə “Bazel”in xanım prezidenti Gisela Oerini şəhərimizlə tanış etmişdi. İsveçrə futbolu tarixinə ilk qadın klub prezidenti kimi düşən Oeri 2006-2012-ci illərdə “Bazel”ə rəhbərlik edib. Dünyanın ən zəngin xanımları arasında olan Oeri təkcə ölkəsində deyil, bütün Avropada kifayət qədər məşhurdur. O, 100 mindən artıq əməkdaşı olan “Hoffmann-La Roche” əczaçılıq şirkətinin rəhbəridir.  

Xatırladaq ki, cavab oyununda da qələbə qazanan (5:1) “Bazel” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı.