Şifer dam örtüklərinin dəyişdiriləcəyi barədə ara-sıra yayılan xəbərlər özləri ilə bəzi suallar da üzə çıxardı: doğrudanmı Azərbaycanda istifadə olunan şifer insan orqanizminə zərərlidir? 100 ildən artıq bir vaxtda, ölkəmizdə işlədilən bu tikinti materialında ziyan çəkə bilərikmi?
Bakı Şifer və Keramika ASC-nin sədri Nemət Hüseynov deyir ki, şiferin tərkibində olan asbest Azərbaycana Rusiyadan gətirilir və o, Avropada istehsalı dayandırılmış asbestdən fərqli tərkiblidir. Şiferdən tamamilə imtina edən avropalıların qorxularına səbəb Avropada istehsal edilən amfibol asbesti olub. Belə ki, XX əsrin 70-ci illərinədək Avropada şifer istehsalında istifadə olunan amfibol asbesti nəzarətsiz olaraq istifadə edilirdi. Bu asbestin yüksək konsentrasiyalı nazik, uzun, itiuclu lifləri turşuyadavamlı olub, tənəffüs orqanları vasitəsilə ağciyərlərə düşdükdə təhlükəyə çevrilirdi. Təhlükə, əsasən, asbest sahəsində çalışanları yaxalayırdı. Orqanizmdən təmizlənməyən amfibol lifləri xərçəng xəstəliyinə səbəb olurdu. Hər il on minlərlə adamın həlakına səbəb olan Avropa asbest şaxtaları çoxsaylı mütəxəssis rəyləri və çağırışlardan sonra ləğv edildi və bağlandı.
Azərbaycanda istifadə olunan şifer isə xrizotil asbestindəndir. “Asbest” adı ilə birləşsələr də, xrizotil ilə amfibol tamamilə fərqli minerallardır. Xrizotil asbestinin yumşaq lifləri orqanizmin turşu tərkibi ilə parçalanaraq, təmizlənir.
Xrizotil-asbesti dünyanın 60-dan çox ölkəsi - ABŞ, Kanada, Rusiya, Çin, Hindistan kimi nəhəng ölkələri əvəzsiz tikinti materialı kimi işlədir ki, bu da Yer kürəsi əhalisinin 2/3-nü əhatə edir. Hər bir iqlim şəraitində öz möhkəmliyini saxlayan, isti və soyuğu keçirməyən, kimyəvi reaksiyalara davamlı xrizotil asbesti 70 ilədək “ömür sürür”. Sellüloza tərkibli dam örtüklərindən fərqli olaraq, bir neçə ildən sonra zərərli mamır bağlamır.
Mütəxəssislər xrizotil tərkibli asbestin insan orqanizmi üçün təhlükəli olduğunu müəyyən etməyiblər. Məsələn, cenevrəli toksikoloq professor Devid Bernşteyn öz araşdırması ilə sübut edib ki, xrizotil lifləri orqanizmdən tez təmizlənir. Avropada xrizotilin əvəzləyicisi kimi həm süni lifli materiallardan (PVA, şüşə lifli, keramik lifli), həm də təbii lifli materiallardan (sellüloza və bazalt lifləri) istifadə edilir. Bernşteyn bu materialların insan orqanizmi üçün daha təhlükəli ola biləcəyini qeyd edir. Məsələn, əgər xrizotil lifləri orqanizmdən 14 gün ərzində təmizlənirsə, keramika lifləri 60 günə, aramid lifləri 90 günə, sellüloza lifləri isə 1000 günə təmizlənir. “Bu, asbest əvəzləyicilərinin tamamilə təhlükəsiz olduğunu deməyə əsas vermir” – cenevrəli təqdiqatçı bu fikirdədir.
Son xəbərlər
Son Xəbərlər