Məktubların birində yazılırdı; “Mən Fuad Hüseynovam. Ucardakı “Qurdlar vadisi” dəstəsinin qurbanlarından biriyəm. Şərlənərək həbs olunmuşam. Bəlkə tanıyarsınız, Taleh Xasməmmədov məni müdafiə etdiyinə görə onu da şərləyib həbs ediblər...” Maraqlanmağa başladım, kimdir Taleh Xasməmmədov? Ad mənə tanış gəlirdi. Yaddaşımı qurcalamağa başladım. Fuad bəyin məktubunda qeyd olunan Ucardakı “Qurdlar vadisi” sözü artıq mənim üçün açar idi. Yadıma düşdü ki, mən bu dəstə haqqında mətbuatda, xüsusən “Gündəm- xəbər” qəzetində çox oxumuşam...
... Taleh bəy və mənimlə bağlı qəribə bir təsadüf də onunla daha çox maraqlanmağıma təkan verdi. Səhv etmirəmsə həbsimin 12- ci günü mənə göndərilən qəzetlərdə oxudum ki, “Amnestyu İnternational” beynəlxalq təşkilatı həbsdə olan 2 hüquq müdafiəçisini də “vicdan məhbusu” elan edib. Bunların biri mən, digər isə hüquq müdafiəçisi, bloger kimi fəaliyyət göstərmiş Taleh Xasməmmədov idi...
... Həbsdə olduğum müddətdə və azadlığa çıxandan sonra onun haqqında xeyli məlumat topladım. Və hər aldığım məlumatda onun həbsi ilə bağlı yeni cizgilər, yeni çalarlar və faktlar əldə etdim. Həbsinə qədər ki, fəaliyyətini araşdırdım. Vəkili Əsabəli müəllimlə, qohumları, ailə üzvləri, dostları ilə görüşdüm. Fürsət tapıb Şirvanda Apelliyasiya məhkəməsində iştirak etdim. “Cinayət işi” ilə tanış oldum. Və onun “suçu”- nu tapdım.
Talehin “suçu”...
... Həbsxana təkcə itki yeri deyil. Düzdür, insan orda həyatının ön önəmli şeylərindən biri olan Azadlığını qismən itirir. Amma qazandıqları da olur. Baxır adamına... Məsələn, mən bəzi şeyləri öyrənməklə yanaşı əldə etdiyim xeyli boş vaxtdan səmərəli yararlanmağa çalışaraq 30- a yaxın kitab oxudum. Mənim üçün ən maraqlı kitab İsmayıl Şıxlının son çap olunan “Ölən dünyam” əsəri ilə yanaşı Məmməd Əmin Rəsulzadə ilə bağlı oxuduğum kitablar və onun haqqında əldə etdiyim yeni bilgilər oldu. O böyük insanın ağır, məşəqqətli, amma şərəfli həyatını oxuduqca dəmir barmaqlılar arasında olan insan özündə təskinlik, güc və inam tapır. Eyni zamanda yeni suallarla baş- başa qalır. Onu oxuduqca düşünürdüm; Niyə biz belə millətik? Niyə bizim taleyimiz belədir? Nədən bizdə xalq üçün, sadə insanlar üçün hər cür fədakarlığa hazır olan, ömrünü- gününü xalqının azadlığı və rifahı uğrunda qurban verən insanlar məşəqqət içində ömür sürüb? Nədən o insanlar Rəsulzadə kimi vətəndən uzaqlarda, Elçibəy kimi isə öz vətənində sürgün həyatı yaşayıb? Ya da ki, Səttərxan, Xiyabanı, Pişəvəri kimi xaincəsinə qətlə yetiriliblər. Belə acı tale niyə bizim alnımıza yazılır? İndi də həmin kişilərin əqidə davamçıları nədən həbsxanalarda çürüdülməlidir? Nədən? Bax Talehin də suçu budur! Taleh bəy həmin kişilərin əqidə, nəsil davamçılarıdır, onun “suçu” budur ki, xalqını, millətini sevir. O, xalqının kimsəsiz, yetim, fağır balalarının qolu zorlular tərəfindən əzilməsinə, sındırılmasına, döyülüb təhqir edilməsinə, şərlənib həbs edilməsinə sadəcə göz yuma bilməyib, susa bilməyib. İndiki zamanda haqsızlığa göz yuma bilməmək, ədalətsizliyə susa bilməmək suçdur, günahdır. Cinayət Məcəlləsində təsbit edilməsə də...
Taleyimizə qəsdə duranlar....
İş o yerə çatıb ki, insanları polis zabiti, icra başçısı, millət vəkili şərləyib tutur. İnsanlara və insanlığa hizmət etməli olan bu şəxslər və görəv sahibləri onlardan rəsmən şikayətçi olur və sona qədər onların üzünə durur. Məsələn, mən hələ Sabirabad rayon polis şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılarkən 12 gündə 4 nəfərlik kamerada müxtəlif günlərdə mənimlə birgə üst- üstə 7 nəfər cəza çəkdi. Məlum oldu ki, həmin 7 nəfərin 5- nin üzünə polis durub və onları məhz polislər şərləyib həbs ediblər. Dəhşətli mənzərədir! Eyni ilə bu gün Taleh Xasməmmədovun da üzünə duran, onu şərləyib həbs edənlər və məhkəmədə “zərərçəkən” kimi tanınan Ucar rayon Polis Şöbəsinin əməkdaşlarıdır. Polisin siyasi oyunlara cəlb edilib, ondan “üzə duran alət” kimi istifadə olunması çox acı mənzərədir. Taleh Xasməmmədov məhkəmədə verdiyi ifadəsində qeyd etdi ki, o Ucar və Göyçayda baş alıb gedən qanunsuzluqları, adam oğurluğu, narkotika qaçaqmalçılğı, polis özbaşınalığı, polisin cinayətkar mafioz “Qurdlar vadisi” dəstəsini himayə etməsi və s. halları ifşa etdiyinə, günahsız həbs olunan şəxsləri, köməyə ehtiyacı olanları müdafiə etdiyinə görə 11 noyabr 2011- ci ildə Ucar rayon Polis Şöbəsinə çağırılıb şərlənərək həbs edilib. Taleh bəyi həbs edən və üzünə duran polislərin hələ də onu susdurmaq üçün öz təhdidlərindən geri çəkilməmələri və 10 iyulda Şirvan Apeliyasiya Məhkəməsində məhbusu “ailəni düşünürsənsə, sus” deyə hədələməsi və bu hədənin hakimin gözündən “yayınması” çox mətləblərdən xəbər verir. Sadəcə bu mətləblərin sirrinə agah olmaq üçün azacıq vicdanlı və diqqətli olmaq yetər...
Başqa misallar da var; Bu gün həbsdə olan İlham Əmiraslanovun üstünə və evinə silah qoyub götürənlər də polislərdir. Jurnalist Əvəz Zeynallının şikayətçi olub üzünə duranlardan biri də millət vəkili adını daşıyır. Başqa bir fəal Mirabad Rzayevi və onun oğlunu həbsə atan isə ona qarşı zorakalıq etdiyini bildirən Saatlı rayon İcra Hakimiyyətidir... Yeri gəlmişkən həbsim zamanı yalandan mənim üzümə duranlar da üzünü ilk dəfə gördüyüm və tanımadığım vəzifəli şəxslər- Sabirabad RİH- in şöbə müdiri, bələdiyyə sədri, məktəb direktoru və s. idi. Onlarla belə misal çəkmək olar. Bu, çox dəhşətli və acı Azərbaycan mənzərəsi, Azərbaycan reallığıdır...
Talehin taleyi...
Taleh bəyin həbsi acı Azərbaycan reallığından doğan bir hadisədir. Onun həbsi bizim azadlığımızın, taleyimizin həbsidir. Çünki bu gün onun yaşadığı tale bizim hər birimizin üzləşə bildiyi tale olmaqla yanaşı, həm də bizim taleyimizin təcəssümüdür. Əzilən haqqı və haqlıları müdafiə etmək, şəri, böhtanı, yalanı, korrupsiyanı, oğurluğu, qanunsuzluğu ifşa etməyin cəzası şərlənib həbsə atılmaqdan keçir. Yəni nə qədər ki, Taleh bəy kimi insanlar qanunsuz olaraq şərlənib həbsdə yatacaq bizim o qədər taleyimiz acı və qaranlıq olacaq. Əgər biz Taleh Xasməmmədov, Şahin Həsənli, Vidadi İsgəndərli, İlham Əmiraslanov, Əvəz Zeynallı, Hilal Məmmədov və s. kimi insanların qara zindanlarda qalmasına göz yumub, onların azadlığa çıxması üçün qətiyyətli mübarizə apara bilməyəcəyiksə elə yenə də xalqın içindən çıxan Məmməd Əminlər Vətənsiz, Elçibəylər Vətənində sürgün həyatı yaşayacaq. Cavad xanlar, Səttərxanlar, Xiyabanilər, Pişəvərilər, Əhməd Cavadlar qətlə yetiriləcək, onların bu günkü nəsl davamçıları türmələrdə çürüdüləcək. Əvəzində isə, necə deyərlər keçəl Həmzələr meydan sulayacaq. Düşünməyə dəyər...
***
Susmaq heç də həmişə qızıl deyil. Soyuqqanlılıq, laqeydlilik heç də müdriklik əlaməti deyil. Əksinə çox zaman susmaq, soyuqqanlılıq və laqeydlilik biganəlikdən doğur və insana baş ucalığı deyil, baş ağrısı və baş aşağılığı gətirir. Biz susduqca sıralarımız seyrəlir, haqsız həbsxanalara düşənlərimizin sayı artır. Biz susduqca milli- mənəvi dəyərlərimiz aşınacaq və onun sərhədləri aşılacaq. Özü, əri, atası müxalifətçi olduğuna görə qızlarımız, sabah isə analarımız, bacılarımız həbsə atılacaq... Gəlin susmayaq. Haqq bildiyimizi deyək və haqqımızı tələb edək. Ona sahib çıxaq. Vətəni sevmək imandan olduğu kimi haqqı uğrunda mübarizə aparmaq da imandan, dindəndir. Unutmayaq ki, hər qaranlıq gecənin bir nurlu sabahı var. Aparılan mübarizə gec- tez öz bəhrəsini verəcək...
***
Ağıllı hökumətlər normal cəmiyyətlərdə hüquq müdafiəçilərini, jurnalsitləri, ziyalılar həbsə atmır. Onları qoruyur və dəstək olur. Taleh Xasməmmədov Avropa Şurası Parlament Assembleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştraserin irəli sürdüyü və qurumun 26 iyun 2012- ci ildə təsdiq etdiyi Azərbaycanla bağlı 89 nəfərlik siyasi məhbus siyahısında yer alır. Bir sıra beynəlxalq təşkilatların və o, cümlədən nüfuzlu Amnesty İnternational təşkilatı tərəfindən qanunsuz və günahsız həbs olunduğu üçün “vicdan məhbusu” elan edilib. T. Xasməmədov kimi siyasi və vicdan məhbuslarını həbsxanalarda saxlamaq görəsən Azərbaycan hökumətinə hansı xeyri gətirir? Onun həbsdə olması kimə lazımdır? Hökumətdə bu barədə düşünənlər varmı görəsən?