Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə sürücülərdən aşağıdakı ümumi tövsiyələrə əməl etmək xahiş olunur:
“Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;
Mövsümə uyğun təkərlərdən istifadə edin;
Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;
Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;
Körpülərdə, açıq sahələrdə, enişli-yoxuşlu yol hissələrində daha diqqətli olun;
Yol və hava şəraiti ilə bağlı rəsmi məlumatları izləyin, zərurət olmadıqca riskli istiqamətlərdə hərəkət etməyin.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli və məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çağırır”.
Son xəbərlər
Son Xəbərlər