Evlilik proqramları ilə bağlı məsələ ciddiləşir

evlilik-proqramlari-ile-bagli-mesele-ciddilesir
Oxunma sayı: 810

Efirdə yayımlanan evlilik proqramlarının əleyhinə olanlar «Facebook»da kampaniyaya başlayıblar. Belə ki, bu sosial şəbəkədə “Evlilik verilişlərinə nifrət edən neçə nəfərik?” adlı səhifə yaradılıb. Evlilik verilişləri ilə bağlı müzakirələrin aparıldığı səhifəyə qoşulanların sayı isə get-gedə çoxalır. Verilişlərin forumlarda müzakirəsi davam edir.

Elə bu üzdən ekspertlər, ictimaiyyətin ayrı-ayrı nümayəndələri hesab edirlər ki, bu kimi verilişlər bizim milli parametrlər baxımından nəinki uyğun deyil, hətta milli mədəni adət-ənənələrimizə təhqirdir.

Milli Televiziya və Radio Yayımları Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də bu tip verilişlərə dəfələrlə münasibət bildirib. Şura sədrinin sözlərinə görə, səlahiyyətləri olarsa, bəzi verilişlərin-cəmiyyətdə çox haqlı narazılıq doğuran, mənəvi dəyərlərimizə zidd olan verilişlərin rəhbərlik etdiyi qurum tərəfindən bir həftə, 10 gün dayandırılması telekanallar üçün çəkindirici vasitə ola bilər: “Bu hal tək Azərbaycanda deyil, məsələn, qonşu Türkiyədə də bu praktikadan çox geniş istifadə olunur. Şuranın hər hansı bir verilişi, deyək ki, Azərbaycan kimi bir ölkəyə yad olan izdivacla bağlı verilişlərin dayandırılması səlahiyyətləri olardısa, təbii ki, digər kanallar da bundan nəticə çıxarardı”. Şura sədri həmçinin telekanallarda yeni bir layihə, cəmiyyət arasında müsbət qarşılana biləcək layihələrin olmamasını qeyd edib: “Kanallar xarici kanallardan götürülmüş verilişlərin üzünü çıxarıb bir az da aşağı səviyyədə göstərməklə işlərini bitmiş hesab edir”.

Dəyişən məqsəd


Qeyd edək ki, sosial şəbəkələrdə evlilik proqramlarına boykot ATV kanalında Zaur Baxşəliyevin “Onun yarısı” və ANS-də Elgiz Əkbərlə Ulvira Qarayevanın aparıcılıq etdiyi “Toy olsun” verilişləri ilə bağlıdır.

Verilişlərin səviyyəsi barədə söhbət açmazdan öncə qeyd edək ki, Türkiyə və Rusiya telekanallarında evliliklə bağlı müxtəlif proqramlar yayımlanır. Əlbəttə, öz dəyərlərinə, adət-ənənələrinə uyğun şəkildə. O kanallarda verilişlərin auditoriyası da kifayət qədər genişdir. Məsələn, “Star TV”də yayımlanan və Esra Erolun aparıcısı olduğu “İzdivac” verilişi bu qəbildəndir. Hər gün evlənmək istəyən oğlan və qızlar yarışmaya qatılaraq canlı yayıma çıxırlar. Onların hər biri təbii ki, özlərinə uyğun adam axtarır. Əvvəlcə telefonla, daha sonra pərdənin arxasından özlərini tanıdıb xasiyyətlərinin bildirirlər. Bir-birlərinə uyğun olduqlarına əmin olduqdan sonra evlənirlər. Verilişin təcrübəsində istənilən qədər belə faktlar var. “Su gibi” proqramı da demək olar ki, eyni funksiyanı daşıyır.

Rusiya telekanallarında yayımlanan “İlk baxışdan məhəbbət”, “Evlənmək istəyirəm” kimi proqramları isə bu verilişlərin daha təkmil və maraqlı forması kimi tamaşaçıların marağını qazanıb. Belə ki, sonucda ilk baxışdan bir-birinə vurulan gənclər “Romantik səyahət” prizini qazananda telekanala minnətdarlıq etməyi unutmurlar.

Fikirlər isə belədir ki, bu cür verilişlər xarici ölkələrdə xeyirxah niyyətlə yaradılan formatlardır. Çünki bu tip verilişlərə ehtiyac olur, yəni sosial sifariş var. Tənha adamları birləşdirmək, həyatını yenidən qurmağa çətinlik çəkən insanlara kömək və s. məqsədlər daşıyır.

Məqsədlər dəyişəndə isə təbii ki, formalar da dəyişir. Eynən bizdəki kimi...

Çarəsizlik ya cahillik?


Bizim telekanallar həmin verilişləri adətincə ən primitiv formada təqdim etməyə başladılar. Bu, isə artıq heç kəsə bəllidir. “Azərbaycanda subay qalmayacaq”, “Yaşın nə fərqi var?” və ya “Daha bir şans istəyirsiniz?” deyə hər iki kanaldakı verilişlərin yaradıcı heyəti proqramları televiziya məkanının ən yeni layihələrindən biri kimi təqdim etməyə çalışdılar. İnsanları inandırmaq istədilər ki, öz qismətlərini tapa bilməyənlər, amma ümidlərini hələ də itirməyənlər Azərbaycanda ilk evlilik proqramlarında ailə qurmaq şansı qazanacaqlar. İştirakçılar üçün yaş məhdudiyyətinin də qoyulmadığını bildirdilər: 18-88 yaşlar arasında hər kəs bu proqramın iştirakçısı ola bilər. «Sosial status da qeyri-məhduddur – bəxtini hər kəs axtarır, hər kəs evli-ailəli və xoşbəxt olmaq istəyir! Biz isə hər kəsə bu şansı veririk!”- dedilər. Aparıcılar insanlara qismətlərini necə tapa biləcəklərinin yolunu göstərəcəklərinə söz də verdilər. O da vurğulandı ki, dinindən, irqindən, sosial mövqeyindən asılı olmayaraq bütün insanlara yardımçı ola biləcəklər. Hətta insanları inandırmağa çalışdılar ki, bu verilişlər sosial sifarişdir.

Həmçinin virtual, internet və ya qəzet səhifələri vasitəsilə yaranan tanışlıqlardan daha önəmlidir. Aparıcılar elan etdilər ki, elə veriliş boyunca insanları dərhal evləndirib evli-eşikli etmək missiyasını qarşıya qoyublar. Həmçinin bildirdilər, bu veriliş vasitəsilə tanış olub ailə quracaq insanların toy məclisi də telekanalın hesabına qurulacaq. Hətta yaradıcı heyət verilişdə öz qismətlərini tapmayanları da düşündü: “Onlar da yaddan çıxmayıb. Kim ki, bizim proqramda ilk dəfədən qismətini tapa bilməyibsə, qalır studiyada, onun vaxtaşırı yenidən göstəririk və yada salırıq. Beləliklə, Azərbaycanda subay qalmayacaq! Biz sizin bəxtinizi açırıq”.

Əlbəttə, kifayət qədər şirnikləndirici sözlərdir. Xüsusən həyatda yarısını tapa bilməyən bu və ya digər səbəbdən taleyi gətirməyən, yaşı ötən, amma hələ də ailə qura bilməyən və nəhayət sadəlövhcəsinə hər şeyə inanan insanlar üçün…

Hərçənd bu verilişlər efirimizə təzə ayaq açmağa başlayanda insanları telekanallarda heç zaman görünməyən bir möcüzə kimi cəlb etdi. Nəinki cavanlar, elə yaşlılar da studiyaya axışdılar. Bəzisi çarəsizlikdən, bəzisi maraqdan, bəzisi bekarçılıqdan, bəzisi sadəlövhlükdən, bəzisi də cahillikdən, bəzisi də lap inandığından... «Sizə inanıb gəlmişik, çox istərdik əliboş qayıtmayaq»- deyənlər çox oldu. Şərtlər, tələblər, arzular irəli sürüldü. Razılığa gələnlər və gəlməyənlərin müzakirələri uzun sürdü. Hər veriliş üçün yeni namizədlər meydana çıxdı. Hətta veriliş açılandan bir neçə ay studiyaya ayaq döyənlər oldu.

Əlbəttə, canlı yayımda qurulacaq ailənin təməlinin elə telekanalın kandarına qədər davam edəcəyini söyləyənlər də tapıldı.

Sonrakı verilişlərdə aparıcıların dediyinə görə, proqramın köməyi ilə ailə quranlar az olmayıb. Hər halda yaradıcı heyət belə deyir. Amma ailə qurub heç bir ay keçməmiş ayrılanlar haqqında da söhbətlər gəzir. Bunu isə təbii ki, aparıcılar demir, mətbuat yazır.

Sosial tələbat?


Televiziya eksperiment meydanına çevrildiyindən vaxt keçdikcə isə verilişlərə münasibət də dəyişdi. Auditoriya da, efiri evindən izləyənlərin marağı da dəyişdi. İnsanlar tədricən SMS-lə qurulan ailələrin davamlı ola bilməyəcəyinə, canlı yayımda yaranan tanışlıqlara və evlənmələrə inanmamağa başladılar. Küçələrdəki sorğularda verilişlərin ünvanına sərt fikirlər səsləndi. Ziyalılar, alimlər, teleekspertlər məsələyə münasibət bildirdilər. MTRŞ öz növbəsində ittihamlarını səsləndirdi. Mətbuat yazdı. Amma... heç bir fayda olmadı. Necə deyərlər dəyirmanın “çax-çaxı”nın baş ağrısından başqa.

İndi isə verilişlərin ünvanına boykot səslənməyə başlayıb. Yenə təkrar edirəm: hər iki verilişlə bağlı müzakirələr davam edir.

Foruma qatılanlardan biri yazıb ki, “İki qəlbin pıçıltısı efirdən elan olunmur. İnsanların həyatda sevib sevilmək istəklərinə, el dəbi ilə toy arzularına mənasız bir çalar qatmaq kimə və nəyə lazımdır? Verilişə qatılan gəncləri gördükcə onların studiyalara öyrədilən zənglər kimi cəlb olunduğunu da düşünürsən. Çünki inanmaq olmur ki, kifayət qədər savadlı gənclər efir vasitəsilə özlərinə ömür-gün yoldaşı axtarsınlar”.

Digər bir fikir isə “Efirdə yayımlanan evlənmə, boşanma hadisələri çox primitiv formada təqdim olunur. Bu bir qədər alveri xatırladır və çox bayağı görünür. Hansı ki, bu verilişlərin bəlkə də başqa variantlarını tapmaq olar. Amma hazırkı verilişlərdə bizə uyğun gəlməyən məqamlar çoxdur. Milli adət-ənənəmizə, minillikləri adlayıb gələn qayda-qanunlarımıza zidd olan məqamlar yetərincədir”- sözlərindən ibarətdir. Demək olar ki, əksər fikirlər belədir. Yəni, “Evlilik proqramlarına yox deyək!”

Əgər məsələlər bu həddə gəlib çatıbsa, həmin verilişlərin boykot olunmasına sosial tələbat duyulursa, bunun üçün düşünmək lazımdır. Telekanalların rəhbərləri də öz maraqlarını xalqın marağından üstün tutmağa çalışmamalıdırlar.

Bəlkə bu MTRŞ-nın əlində olmayan səlahiyyəti ictimaiyyətin çoxsaylı nümayəndələri həyata keçirə biləcəklər. Bəlkə onların təpkisi ilə xalqın adət-ənənəsinə, mənəviyyatına zidd olan verilişlər efirdən yığışa bilə.

Amma hələ ki, kampaniya yenicə başlayıb. Biz də çayı atlanmamış “hop” deməyə tələsməyək! Görək bu dəfə necə olur...

Təranə Məhərrəmova
“Kaspi” qəzeti