Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

beynelxalq-axtarisda-olan-sexs-azerbaycana-ekstradisiya-edildi
Oxunma sayı: 684

Bu gün İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycanın dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Tural Akif oğlu Səməd-zadənin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o həbs edilib.

Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Səməd-zadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.