Venesuela Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) “qəti və dönməz şəkildə” çıxmaq qərarı barədə rəsmi şəkildə məlumatlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Feliks Plasensiya sosial media səhifəsindəki açıqlamasında bildirib.
O qeyd edib ki, qərar vitse-prezident Delsi Rodrigesin göstərişi əsasında qəbul olunub.
Nazirin sözlərinə görə, Venesuela Roma Statutunun 127-ci maddəsinə uyğun olaraq BCM-dən çıxmaq proseduruna başlayıb.
Plasensiya məhkəməni siyasi qərəzli fəaliyyət göstərməkdə ittiham edib. O bildirib ki, BCM-in fəaliyyəti “sübut olunmuş coğrafi qərəz” nümayiş etdirir və araşdırmalar, əsasən, Afrika və Latın Amerikası ölkələrinə yönəlməklə Qlobal Cənub dövlətlərinə qeyri-mütənasib təsir göstərir.
Nazir qeyd edib ki, bu yanaşma beynəlxalq ədalətin bütün dövlətlərə bərabər tətbiq olunmadığını göstərir və xalqların suverenliyi ilə öz müqəddəratını təyinetmə hüququna zərbə vurur.
Plasensiya, həmçinin, BCM-i hüquqi mexanizmlərdən ədalətin təmin olunması üçün deyil, fərqli siyasi maraqlara xidmət etmək üçün istifadə etməkdə ittiham edib.
“Venesuela xalqına qarşı təzyiqləri davam etdirən və beynəlxalq ədalətin aradan qaldırmalı olduğu bərabərsizlikləri daha da dərinləşdirən bu “hüquqi müharibə” yanaşmasını rədd edirik”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, Venesuela xalqların suverenliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmət edən, bütün ölkələrə bərabər yanaşan beynəlxalq ədalət prinsipinə sadiq qalır.
Son xəbərlər
Son Xəbərlər