Bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı oğlan öldü - Yenilənib

bir-ailenin-4-uzvu-qidadan-zeherlendi
Oxunma sayı: 1424

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 01:20 radələrində zəhərlənmə şübhəsi ilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.

Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib. 

Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.