“Bir dəfə də olsun qanunsuz müdaxilə olmayıb”

bir-defe-de-olsun-qanunsuz-mudaxile-olmayib-
Oxunma sayı: 2760



“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin açılışında çıxış edərkən deyib.  İ. Əliyev bildirib ki,  Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir: “Nəzərə alsaq ki, bu gün Azərbaycan və Bakı artıq siyasi və iqtisadi mərkəzə çevrilibdir, burada keçirilən tədbirlərin sayı həddindən artıq çoxdur. Bütün mötəbər tədbirlərdə mühafizə məsələləri yüksək səviyyədə təşkil edilir. Siz Azərbaycana gələn xarici dövlət, hökumət başçılarının mühafizəsini təmin edirsiniz. Zirvə görüşləri, digər beynəlxalq forumlar keçirilir. Əlbəttə ki, bu tədbirlərin mühafizəsi bilavasitə sizin məsuliyyətinizdir. Demək olar ki, Azərbaycanda hər ay, bəlkə də ayda bir neçə dəfə mötəbər tədbirlər keçirilir. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsində Xidmətin əməkdaşlarının xidmətləri vardır.

Eyni zamanda, ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən enerji sahəsində də sizin xidmətləriniz vardır. İxrac boru kəmərlərinin mühafizəsi də sizə həvalə edilibdir. Uzun illərdir ki, siz strateji enerji infrastrukturunun mühafizəsi ilə məşğulsunuz və bu illər ərzində bir dənə də xoşagəlməz hadisə olmamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər kəmərlər, onların fəaliyyəti Azərbaycan ərazisində ən yüksək səviyyədə təmin edilir. Bir dəfə də olsun heç bir qanunsuz müdaxilə olmamışdır. Ancaq başqa ölkələrdə belə müdaxilələr, qanunsuz əməllər, o kəmərlərdən neftin oğurlanması halları kifayət qədər çox olubdur. Bu, ilk növbədə onu göstərir ki, Azərbaycan əhalisi bu məsələyə lazımi səviyyədə yanaşır. Eyni zamanda, mühafizə sistemi də lazımi səviyyədə qurulubdur. Həm elektron vasitələrlə müşahidə, eyni zamanda, vizual müşahidə yüksək səviyyədə təmin edilir. Beləliklə, ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan əsas ixrac kəmərlərimiz Xidmət tərəfindən yüksək səviyyədə təmin edilir və qorunur.

Əlbəttə ki, mən Prezident kimi Xidmətin uğurlu fəaliyyəti üçün həmişə öz dəstəyimi vermişəm. Xidmətin rəhbərliyindən gələn demək olar ki, bütün təklifləri qəbul etmişəm. Xidmətin maddi-texniki bazasının yaxşılaşdırılması, əməkdaşların məişət problemlərinin həlli üçün lazım olan bütün göstərişlər verilmişdir. Bu gün deyə bilərəm ki, bu idman kompleksinin açılışı bu sahədə nəzərdə tutulmuş bütün işləri tamamlayır: hospital, təlim-məşq mərkəzi, idman kompleksi, situasiya mərkəzi və müasir avadanlıqla təchizat - bütün işlər yüksək səviyyədə aparılır.

Son illər ərzində biz sizinlə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşük. Bir daha demək istəyirəm ki, mən Xidmətin fəaliyyətini yüksək qiymətləndirirəm. Xüsusi Dövlət Mühafizə Xidməti ölkəmizin uğurlu inkişafında böyük rol oynayır. Azərbaycanda təhlükəsizliklə bağlı bütün tədbirlər yüksək səviyyədə təmin edilir. Əminəm ki, bundan sonra da belə olacaqdır. Çünki yerləşdiyimiz region əlbəttə ki, hamımızdan xüsusi diqqət tələb edir. Azərbaycanın ətrafında gedən xoşagəlməz proseslər əlbəttə ki, bizi daha da səfərbər etməli, daha da diqqətli olmağa çağırmalıdır. Biz buna hazırıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, o cümlədən daxili sabitlik və təhlükəsizlik hesabına təmin edilir”.