Bir dəqiqədə 4 dəfə top itirən müdafiəçinin oynaması da qəribədir...

Bir dəqiqədə 4 dəfə top itirən müdafiəçinin oynaması da qəribədir...
Oxunma sayı: 5943

Azərbaycan yığması Slovakiya üzərində tarixi qələbə qazandı. “Qafqazinfo” xəbər verir ki, yığmamız ilk dəfə bu FİFA reytinqində yuxarı pillələrdə olan milli üzərində səfərdə qələbəyə sevindi. 

Qələbə həmişə yaxşıdır və nəticənin müsbət olması sevindiricidir. Amma millinin hansı şərtlərdə qələbə qazandığına nəzər salaq. 

Başlayaq meydana çıxan start heyətindən. Yığma oyuna aşağıdakı “11-lik”lə başladı: 12. Şahruddin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov 11. Ramil Şeydayev

Bu futbolçuların içində yalnız ikisi – Elvin Cəfərquliyevlə Bəhlul Mustafazadə Azərbaycan futbolunun yetirməsi idi. Qalan bütün oyunçular hamısı başqa ölkələrdə oynadıqdan sonra milliləşdirilib.  Onların içərisində hətta Azərbaycana bağlılığı olmayan futbolçular da yer alır. 

Oyuna gəldikdə Renat Dadaşov 44-cü dəqiqədə hesabı açdı. Amma bu qol heç bir kombinasiyanın son nöqtəsi deyildi. Sadəcə öz fərdi keyfiyyətləri hesabına İsveçrənin “Qrasshopers” klubunda adından söz etdirən forvard qapıya yol tapa bildi. Deyə bilərsiniz ki, Ozan Can Kökçünün ötürməsi var idi. Amma həmin ötürməyə diqqət etsəniz, top çox yöndəmsiz qapı qarşısında göndərilmişdi. Fərdi keyfiyyətindən istifadə edən Renat topu peşəkarcasına ram edib uzanaraq qapıya zərbə vurdu. 

İlk hissədə millinin nibsətən normal oyunu görmək mümkün idi. Hər halda komanda özündə top saxlaya bilir, ara-sıra hücumlar da qururdu. Sırf Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşov fərdi keyfiyyətləri, Riçar Almeydanın təcrübəsi hesabına hücumları rəqib qapısına daşıya bilirdi. 

İkinci hissədə isə slovaklar oyuna güclü pressinqlə başladı. Nəticədə yığma tamamilə geri çəkildi və topu ancaq irəli vurmaqla məşğul idi. İkinci hissəyə bütöv nəzər salsaq, Azərbaycan yığması 3 ardıcıl ötürmə edə bilmirdi. Oyunun startından anlaşılmayan qərarla Höccət Haqverdini müdafiənin sağında oynadan De Byazi Amin Seydiyevi meydana salıb “5-li” və ya “3-lü” müdafiə sisteminə keçdi. Məqsəd ancaq hesabı qorumaq idi. Slovakların ardıcıl hücumlarından sonra bəxtimiz gətirdiyi bir xeyli epizodlar oldu. Gah rəqib forvard dəqiq oynamadı, gah qapı tiri xilas etdi. Amma bunun sonu gələcəkdi və sonda qapımıza təyin edilən penalti ilə qapımızda qol gördük. Son dəqiqələrdə vurulan qol isə sırf rəqibin diqqətsizliyi, son dəqiqələrdə vurduğu qolun eyforiyasında olmasının nəticəsi idi. 

Əslində, bu qələbə sırf Azərbaycan yığmasının futbolçularının AFFA-ya, baş məşqçinin zəif olmasına rəğmən əzmkarlığının bəhrəsidir. “Qarabağ”da püxtələşən Ramil Şeydayevin, “Neftçi”nin sütunu olan Emin Mahmudovun, alman futbol məktəbinin yetirməsi Renat Dadaşovun qələbəsidir...

Höccət Haqverdi rəqib qapısına yol tapsa da, oyunu bərbad keçirdi. Cəmi 1 dəqiqə içində 4 dəfə top itirən müdafiəçinin yığmada oynaması da qəribədir. Bu onun ilk səhvləri deyil, bundan öncəki matçlarda da Haqverdi zəif oyunu ilə tənqidlərə tuş gəlmişdi. 

Azərbaycan yığmasının oyunu bizim üçün gələcəyə ümid verirmi? Yox. Ortabab komandaların yer aldığı Millətlər Liqasının C qrupunda birinci yeri tutmaq mümkünsüz görünürsə, qarşıda bizi heç də yaxşı günlər gözləmir. Ən zəif dövrlərini yaşayan Slovakiya, ölkə liqasında eniş yaşayan Qazaxıstan, son illər klubları da aşağı səviyyədə çıxış edən Belarusun qrupunda da lider ola bilmiriksə, qarşıdakı Avropa çempionatının seçmə mərhələsinə ümid bağlamağa dəyməz. 

Komandanın potensialı barədə danışsaq, futbolçuların çıxış etdiyi klublardakı düzgün hazırlığı sayəsində nəsə etmək mümkündür. Amma bunun üçün öncə doğru idarəçilik və doğru seçilmiş baş məşqçi lazımdır. Durumun dəyişməyəcəyi halda gələcəyə ümid verməyən qələbədir...

Elsevər Məmmədov