“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə dekabrın 18-də “10 il birlikdə” adlı yubiley tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.
Yubiley tədbirində dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.
Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, təşkilatın son 10 il ərzində həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə geniş təqdimat göstərilib. Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə qurub, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirib, ümumilikdə 338 896 könüllü saatı qeyd olunub. “Bir Könüllü” təşkilatı hazırda 45 minə yaxın iştirakçı ilə 44 təhsil müəssisəsini əhatə edir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin ictimai fəallığının artırılması və sosial məsuliyyətin təşviqi baxımından könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Firudin Qurbanov gənclərin əldə etdiyi uğurların ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, elm və təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, gənclərin bilik, bacarıq və yaradıcılıq potensialının üzə çıxarılması dövlət üçün prioritet məsələlərdəndir.
F.Qurbanov çıxışında, eyni zamanda, əsas məqsədin yaradıcı cəmiyyətin formalaşdırılması olduğunu diqqətə çatdırıb. Bildirib ki, müasir dövrdə təhsil yalnız bilik ötürülməsi ilə məhdudlaşmamalı, yaradıcı düşüncəyə, təşəbbüskarlığa və innovativ yanaşmalara əsaslanmalıdır. Nazir müavini əlavə edib ki, bu istiqamətdə həyata keçirilən layihələr gənclərin intellektual inkişafına, milli dəyərlərə bağlı, müasir dünyagörüşlü və rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə xidmət edir. Nazir müavini çıxışının sonunda gəncləri bilik və bacarıqlarını artırmağa, təşəbbüskar və məsuliyyətli olmağa çağırıb.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov bildirib ki, könüllülük Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərində hər zaman mövcud olub, müstəqillik dövründə isə bu fəaliyyət daha sistemli və məqsədyönlü şəkildə inkişaf etməyə başlayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident İlham Əliyevin könüllülərə göstərdiyi diqqət və dəstək nəticəsində bu sahə mühüm inkişaf mərhələsinə qədəm qoyub.
Tədbir çərçivəsində “BİRlikdə yazılan hekayə” videoçarx nümayişindən sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.
















Son xəbərlər
Son Xəbərlər