“Qafqazinfo” Nüsrət Kəsəmənlinin “ Oğru olmaq istəyirəm ” və “Mənsiz qalacaqdır bu dünya bir gün” adlı şeirlərini “Kitab evi”nin oxucularına təqdim edir:
“Oğru olmaq istəyirəm”
Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!
Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!
“Mənsiz qalacaqdır bu dünya bir gün"
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....
Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .
Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .
Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .
Qara daş doğular ,
Soyuq, mən adda ;
Bir qadın hıçqırıb saçını yolar .
Ayrılıb gedərəm, tabutum altda
Dörd çiyin görüşər ,
Dörd ürək vurar .....
Mənim çarpayımda süküt uyuyar ,
Artar bir sakini qəbirstanın da .
Bir çiçək köksünü sinəmə qoyar ,
Rəngi ləçəklərə keçər qanın da .
Gəlib bu çiçəyi dərənim olmaz ,
Bahar göyərdəcək , qış solduracaq .
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bəlkə yüz il sonra , bəlkə də sabah .
Bəlkə bir Qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq ......
Son xəbərlər
Son Xəbərlər