Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyası (YAP) 40 saylı ərazi partiya təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Müstəqilliyimizi əbədiləşdirən görkəmli dövlət xadimi” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ümummilli liderin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqil dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz tarixi xidmətləri, ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyi dövründə xilasedici missiyası haqda geniş danışıb. Rektor dahi şəxsiyyətin həyatını bütünlüklə xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılması və inkişaf etdirilməsinə, həmçinin dövlət suverenliyinin gücləndirilməsi və iqtisadi potensialının yüksəlişinə həsr etdiyini vurğulayıb.
Havar Məmmədov bildirib ki, xalqının ən çətin günlərində hər zaman onun yanında olan ulu öndər gələcəyə istiqamətlənmiş uzaqgörən, müdrik siyasəti və səriştəli rəhbərliyi nəticəsində qəti addımlar ataraq, kompleks inkişaf proqramlarının, geniş islahatların həyata keçirilməsinə nail olub, dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin böyük əzmlə həyatının bütün mərhələlərində ölkəmizin davamlı inkişafı naminə çalışdığını diqqətə çatdırıb, son yarıməsrlik tarixdə əldə etdiyimiz nailiyyətlərin müəllifinin ulu öndər olduğunu bildirib.
Elm və Təhsil Nazirliyinin tabeliyində Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov müasir dövlətçiliyimizin əsaslarını qoyan, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizi dərin siyasi və iqtisadi tənəzzüldən, həmçinin ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilası yolunda apardığı davamlı və qətiyyətli fəaliyyətindən ətraflı danışıb.
Tədbirin sonunda YAP sıralarana daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.