Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.
"Qafqazinfo" xəbər verir ki, Prezident, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanıblar.
Dövlət başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar.
Məlumat verilib ki, birinci mərhələdə 20 ev bərpa edilib və yenidən qurulub. Evlərin daxili hissələri və fasadı əsaslı təmir edilib, dam örtükləri tamamilə sökülərək yenilənib. Daxili və xarici divarlarda konstruktiv möhkəmləndirmə işləri yerinə yetirilib. Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib. Bütün evlərin mövcud hasarları sökülüb, əvəzində yeni hasarlar tikilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub.
Bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. İlk mərhələdə Talış kəndində məskunlaşdırılan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyev: Salaməleyküm.
Ev sahibi Əyyub Əkbərov: Xoş gördük, cənab Prezident. Var olsun, Prezidentimiz.
Birinci xanım Mehriban Əliyeva: Salam, xoş gördük, təbrik edirəm.
Ev sahibəsi Arzu Əkbərova: Salam, Mehriban xanım, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Necəsiniz?
Əyyub Əkbərov: Gözəl, necə olacağam? Buradan gedəndə cavan oğlan idim, 30 yaşında getmişdim.
Prezident İlham Əliyev: Neçənci ildə buradan getmişdiniz?
Əyyub Əkbərov: 1993-də getmişdim. İndi şükürlər olsun. Gözlərimə inanmıram.
Prezident İlham Əliyev: Ovaxtkı Talış kəndi də bu cür idi?
Əyyub Əkbərov: Bəli.
Prezident İlham Əliyev: Bu da eviniz.
Əyyub Əkbərov: Bəli, mənim evim budur. Şükürlər olsun, elə gələn kimi də işlə təmin olunmuşam. İcma mərkəzini mənə verdilər.
Prezident İlham Əliyev: Orada işləyirsiniz?
Əyyub Əkbərov: İnşallah, burada da bir 20-30 adam işlədəcəyəm.
Prezident İlham Əliyev: Hə, çox yaxşı.
Əyyub Əkbərov: Şükürlər olsun, cənab Prezident, hər şeyimiz var, şükür Allaha.
Prezident İlham Əliyev: Gəl, baxaq. Nə vaxt gəlmisiniz, iki gün qabaq gəlmisiniz?
Əyyub Əkbərov: Bəli, bir-iki gün olar gəlmişik. Buyurun.
Prezident İlham Əliyev: Yemək otağı.
Əyyub Əkbərov: Çox şadıq.
Prezident İlham Əliyev: Siz harada yaşayırdınız?
Əyyub Əkbərov: Bakıda yaşayırdıq. Ancaq inanırdıq ki, nə vaxtsa gələcəyik, buranın həsrəti ilə yaşayırdıq.
Prezident İlham Əliyev: Əlbəttə. Çox keçdi, amma qayıtdıq.
Əyyub Əkbərov: Şükürlər olsun, qayıtdıq. Bilirsiniz, cənab Prezident, o vaxt burada işləyirdim, təsərrüfatda. Kəndimizin əhalisi üzümçülüklə məşğul olurdu. Çox qorxa-qorxa yaşayırdıq. İndi heç kimdən qorxmuram, heç kimdən qorxmuruq.
Prezident İlham Əliyev: İndi bizdən qorxurlar.
Əyyub Əkbərov: Bəli, əlbəttə, indi bizdən qorxurlar. Biz heç kimdən qorxmuruq. Şükürlər olsun, buraya gəlmişik, yaşayacağıq, yaradacağıq. Buranın füsunkar gözəlliyini də qoruyub saxlayacağıq.
Prezident İlham Əliyev: İnşallah.
Əyyub Əkbərov: Mən də indi buradakı icma ilə bir ağsaqqal kimi söhbət etmişəm, buranı daha da gözəlləşdirəcəyik.
Prezident İlham Əliyev: İndi buranın ancaq birinci mərhələsidir, daha 178 ev tikiləcək, camaat da köçəcək. Burada yəqin ki, mindən çox insan yaşayacaq. Siz o vaxt burada yaşayanda nə ilə məşğul olurdunuz, heyvandarlıqla?
Əyyub Əkbərov: Təsərrüfatla məşğul idik, üzüm sahələrimiz var idi. Gözəl becərmişdik. O mənfurlar buraya da Xocalıdakı kimi fevral ayında hücum etdilər. Özü də gecə vaxtı. Buradan hamımız piyada Borsunlu kəndinə üz tutduq.
Prezident İlham Əliyev: Borsunlu kəndinə?
Əyyub Əkbərov: Bəli, Borsunlu kəndinə. Üzüm bağlarında budama işlərini qurtarmışdıq, bol məhsul gözləyirdik.
Prezident İlham Əliyev: Əsas üzümçülük idi?
Əyyub Əkbərov: Bəli, əsas üzümçülük idi, hər şey, kartof da əkirdik, gözəl torpaqdır.
Prezident İlham Əliyev: İndi hamısını bərpa etmək lazımdır. Hamısını bərpa edəcəksiniz, üzümü də, kartofu da.
Əyyub Əkbərov: Əlbəttə, edəcəyik, hamısını dövlətin üstünə atmayacağıq ki, dövlət etsin. Gəlmişik, biz də yaradacağıq.
Prezident İlham Əliyev: Burada hər şey var, su var.
Əyyub Əkbərov: Şükürlər olsun.
Prezident İlham Əliyev: Kənd təsərrüfatı üçün, məşğul olmaq üçün şərait yaradılacaq. Hava da ki, kurort havasıdır.
Əyyub Əkbərov: Bəli, burada yaşayanda xəstələnmirdik, cənab Prezident.
Prezident İlham Əliyev: Əlbəttə, burada adam sağalır, xəstələnmir.
Əyyub Əkbərov: Burada biz xəstəlik görmürdük. İndi, şükürlər olsun o füsunkar təbiəti, bu gözəl havası, gəldik, çox xoşbəxtik çox.
Prezident İlham Əliyev: Görün, nə günə salmışdılar ermənilər, bu kəndləri, bu yerləri. Bütün binalar dağılmış vəziyyətdə idi. İşğal dövründə bir daş-daş üstünə qoyulmadı, ancaq talamaq, dağıtmaq, sökmək.
Əyyub Əkbərov: İndi maraqlı bir şey deyim. Qardaşım Almaniyadadır. Oradan danışır, orada onun bir yeməkxanası var. Mənə deyir ki, o küncdə oturan 8 nəfərə bax, ermənilərdir Talışı izləyirlər. Deyirlər ki, o uçuq yerlərə bax, o biz, o da Azərbaycan. Baxın, görürsünüz, özləri də bunu deyirlər.
Prezident İlham Əliyev: Bu, hələ başlanğıcdır.
Əyyub Əkbərov: Biz buyuq, heç kimin torpağında gözümüz yoxdur, bizim yaşayışımız budur. Bizim xalqımız budur. Biz səliqəli xalqıq. Biz oğru xalq deyilik. Heç kimin torpağında gözümüz yoxdur.
Prezident İlham Əliyev: Bəli.
Əyyub Əkbərov: Biz burada əsrlər boyu yaşayacağıq.
Prezident İlham Əliyev: Əbədi, əbədi.
Əyyub Əkbərov: Oğlanlarım, nəvələrim, hər kəs deyir ki, Qarabağ Azərbaycandır. O yazıya baxıram, nəvələrim də gəlib oxuyur, əzbər bilirlər. Uşaq anadan olanda qulağına pıçıldayacağıq ki, Qarabağ Azərbaycandır! Bir daha təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Əyyub Əkbərov: Prezidentim bir də gələndə samovar çayına qonaq olacaq.
Prezident İlham Əliyev: Gələcəyəm, əlbəttə, gələcəyəm. Hələ kənd tam tikilsin. Kənd tam tikiləndən sonra mütləq gələcəyəm.
X X X
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva kənd sakinləri ilə görüşüb söhbət ediblər.
Prezident İlham Əliyev: Qarşıdan gələn bayram münasibətilə və Talış kəndinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Biz qayıtmışıq, əbədi burada yaşayacağıq.
Qadın sakin: İnşallah.
Prezident İlham Əliyev: Baxın, bu Talış kəndinin birinci mərhələsidir. Görün nə qədər gözəldir. Göz oxşayır bütün binalar.
Sakinlər: Allah Sizi qorusun, Allah Sizə dəyməsin.
Prezident İlham Əliyev: Yəqin ki, uzağı bir ildən sonra qalan bütün 158 ev də tikiləcək.
Sakinlər: Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Burada mindən çox insan yaşayacaq. Ondan sonra minlərlə insan yaşayacaq.
Sakinlər: İnşallah.
Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmışıq, qan tökərək, şəhidlər verərək. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Onların qanı bahasına biz gəlmişik, sizi də gətirmişik. Siz də artıq iki gündür ki, buradasınız, bilirəm.
Sakinlər: Çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Məşğulluqla bağlı, ictimai işlərdə işləməklə bağlı, dövlət işində işlə bağlı bütün məsələlər həll olunub. Qarabağ cənnətdir.
Qadın sakin: Azərbaycandır!
Prezident İlham Əliyev: Azərbaycandır!
Sakinlər: Şəkil çəkdirək.
Prezident İlham Əliyev: Hə, gəlin çəkdirək.
Kişi sakin: Çox sağ olun, Allah canınızı sağ eləsin. Bizə bu cür şərait yaratdığınız üçün Sizə minnətdarıq. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Harada yaşayırdınız?
Kişi sakin: Bərdə rayonunda. İndi isə öz kəndimizdəyik. Allah canınızı sağ eləsin.
Gənc qız: Cənab Prezidentimiz, mən Sizi Talış kəndinin gəncləri və sakinləri adından salamlayıram.
Prezident İlham Əliyev: Sağ olun.
Gənc qız: Mən bu dəqiqə ikiqat qürur duyuram. Çünki işğaldan azad edilmiş torpağımızda dayanmışam, Sizin qarşınızda dayanmışam. Bilirəm ki, biz hamımız, bu günü səbirsizliklə gözləyirdik. Çox şükür ki, biz bu günü gördük. Talış kəndinin işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik idi. Mən Sizə çox təşəkkür edirəm. Allah Sizi qorusun. Bir şey də deyim, gənclərə yaratdığınız şəraitə görə Sizə minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun.
Sakinlər: Allah Sizə ömür versin. Sevincimizin həddi-hüdudu yoxdur, Allah haqqı. İcazə verin şəkil çəkdirək, cənab Prezident.
Digər kişi sakin: Sizi verən Allaha qurban olum. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Görürsən, qız necə qucağımda durur?
Kişi sakin: Heç atasına gəlmir.
Qadın sakin: Babasına gəlir də, babasına. Sağ olun, çox təşəkkür edirik.
Kişi sakin: Cənab Prezident, bildirmək istəyirəm ki, biz iki qardaşıq. Elə ikimiz də bu kənd uğrunda döyüşmüşük. İkimiz də Sizin sayənizdə kəndimizə gəlmişik. Evlərimiz, həyətlərimiz hamısı çox gözəl, yüksək səviyyədədir. Çox sağ olun, minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin.
Prezident İlham Əliyev: Amin.
Kişi sakin: Siz onsuz da masada qalib gəlmişdiniz, biz döyüş meydanında onlara bir daha göstərdik. Çox sağ olun hər şey üçün.
Prezident İlham Əliyev: Elədir, sağ olun.
Sakinlər: Allah Sizi qorusun. Çox sağ olun. Allah Sizi var eləsin.
Kişi sakin: Qardaşım da, mən də burada döyüşmüşdük.
Prezident İlham Əliyev: Çox sağ olun.
Kişi sakin: Siz sağ olun.
Prezident İlham Əliyev: Bu döyüş çox önəmli idi, bilirsən. Bu, strateji nöqtə idi. Biz Talışı azad edəndən sonra ermənilər artıq gördülər ki, bu, ciddi məsələdir.
Kişi sakin: Bəli, sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Prezidentlə bizim də şəklimizi çəkin.
Prezident İlham Əliyev: Gəlin çəkdirək.
Kişi sakin: Qarabağ Azərbaycandır!
Qadın sakin: Qızım da çox istəyərdi Sizinlə görüşsün, amma burada deyil, gələ bilmədi.
Prezident İlham Əliyev: Gələcək?
Qadın sakin: Gələcək.
Prezident İlham Əliyev: Burada yaşayacaq?
Qadın sakin: Bizə qonaq gələcək.
Kişi sakin: Allah Sizi qorusun, bizi evlə təmin etmisiniz. Çox sağ olun.
Prezident İlham Əliyev uşağa müraciətlə: De, nə deyəcəkdin?
Sakin: Deyir ki, babanın da bayramını təbrik edək.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Sakinlər: Çox sağ olun. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Burada minalar çox idi, bilirsiniz.
Sakin: Bəli, 44 günlük döyüşlərdən sonra burada Beynəlxalq Avrasiya Mətbuat Fondunun nəzdində İcma Mina Aksiyası komandasında çalışıram. Orada minalar var, təmizlənməsində iştirak edirəm.
Birinci xanım Mehriban Əliyeva: Cənab Prezident, bu gözəl qızı da yanınıza alın.
Prezident İlham Əliyev: Gəl, gəl.
Sakin: Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol.
Sakin: Xoş gəlmisiniz. Minnətdarıq Sizə. Qürur duyuruq ki, gəldiniz.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Allah Sizə ömür versin, cansağlığı versin ki, belə şərait yaratmısınız. Allah haqqı, sevincimizin həddi-hüdudu yoxdur.
Qadın sakin: Torpaqlarımız azad olundu, minnətdarıq.
Sakin: Bəli, əsas odur. Allah uzun ömür, cansağlığı versin. İnşallah, bütün Azərbaycan torpaqlarını Prezidentimiz birləşdirəcək, inanırıq biz buna.
Digər kişi sakin: Biz fəxr edirik ki, bizim belə güclü Prezidentimiz var, Qarabağ Azərbaycandır! Allah Sizə ömür versin, cansağlığı versin. Bu, hələ harasıdır.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Sizin səmimiliyiniz adama bəs edir.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Çox sağ olun, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ ol qızım, çox sağ ol.
Sakin: Var olasınız.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Cənab Prezident, Allah Sizə dəyməsin, Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Sağ olun. Gəlin hamımız birlikdə şəkil çəkdirək. İndi də hamımız “Qarabağ Azərbaycandır!” deyək.
Hamı bir ağızdan: Qarabağ Azərbaycandır!
Sakin: Burada bir kilsə var.
Prezident İlham Əliyev: Yuxarıda. Bəli, mən orada olmuşam.
Sakin: Orada bir kitab tapmışdıq, oxuyurdum orada, Osmanlı türkləri.
Digər sakin: Osmanlıya aiddir, albanlara aid deyil. Buranın birinci sakini də biz olmuşuq, axırıncı sakini də.
Prezident İlham Əliyev: Orada bir kilsə, bir də rus kilsəsi var idi. Mən keçən dəfə orada olanda gedib baxmışam. Yarı dağılmış vəziyyətdədir.
Sakin: Var idi yuxarıda, amma o, osmanlılara aid idi, çünki mən oradan bir kitab gətirib oxuyurdum, Osmanlı imperiyasına aid idi. Albanlara yox, osmanlılara aid idi o kilsə.
Prezident İlham Əliyev: İndi orada məscidin yeri də müəyyən olundu, məscid də tikiləcək.
Sakin: Buranın birinci sakini də biz olmuşuq, axırıncı sakini də. Çox gözəl idi. Mən burada üzümçülük briqadiri işləmişəm.
Prezident İlham Əliyev: O vaxt kolxoz var idi?
Sakin: Var idi, üzümçülük var idi. Mən burada camaatı üzümçülüyə öyrədirdim. Amma indi heç nə yoxdur.
Prezident İlham Əliyev: Süfrə üzümü, yoxsa texniki sortlar?
Sakin: Şərab üçün üzüm idi, çox gözəl. Üzüm bağlarının sahəsi çox böyük idi, 100 hektar. Bir də ki, çox gözəl ərik bağı var idi.
Prezident İlham Əliyev: İndi onların hamısını əkmək lazım olacaq. Torpaq çox, su var, havası gözəl. İndi kənd təsərrüfatı üçün ən gözəl şərait buradadır.
Sakin: Çox sağ olun, bəli, torpağı da münbitdir.
Prezident İlham Əliyev: Torpağı qara torpaqdır.
Sakin: Buranın çox bulaqları var idi, buradan çay axırdı, indi məəttəl qalmışıq, o çay yoxdur.
Prezident İlham Əliyev: Onlar bəzi yerlərdə, Qarabağda kanallar, gölməçələr tikiblər, ona görə kəsmişdilər. İndi hamısını siz yavaş-yavaş aşkar edəcəksiniz.
Sakin: Bax, orada, dağın dibində elə gözəl bulaqlar var idi.
Prezident İlham Əliyev: İndi də?
Sakin: Bu saat əsl turizm yeridir oralar.
Prezident İlham Əliyev: İçməli su?
Sakin: Bəli, içməli su, bulaqlar var orada.
Prezident İlham Əliyev: Burada məktəb tikilib, uşaqlar məktəbə gedəcəklər. Uşaq bağçası da var.
Sakin: Çox sağ olun, təşəkkür edirik.
Prezident İlham Əliyev: Əlbəttə, burada çox iş görülüb. Borcumuz idi bu torpaqları geri götürmək və bu torpaqları yenidən qurmaq, sizi də buraya yerləşdirmək.
Qadın sakinlər: Çox sağ olun, minnətdarıq.
Kişi sakin: Bundan sonra biz buradan heç yerə getməyəcəyik, dünya dağılsa da yerimizdən tərpənməyəcəyik.
Prezident İlham Əliyev: Heç kim sizi tərpədə bilməz bundan sonra.
Sakin: Nümayəndələriniz də çox gözəl, səmimi. Minnətdarıq hamısına, çox yaxşı, çox razıyıq Sizdən. Allah razı olsun Sizdən, dövlətimizdən.
Prezident İlham Əliyev: Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var.
Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab Prezident. Bütün dünya Sizinlə bacara bilmədi, maşallah olsun.
Digər sakin: Ürəyində çəkdi, bütün dünya da bacarmadı, var olsun.
Prezident İlham Əliyev: Siz durdunuz arxamda, ona görə də öldü var, döndü yoxdur, qurtardı getdi.
Sakin: Hər zaman da arxanızdayıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Bayram ərəfəsindəyik. Sizə yaxşı bayramlar arzulayırıq.
Sakin: Çox sağ olun, minnətdarıq cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Sakinlər: Sağ olun.