Böyrək köçürülən qadın ana oldu

boyrek-kocurulen-qadin-ana-oldu
Oxunma sayı: 4011

Bakıda yerləşən “Ege Hospital”da unikal hadisə baş verib. Azərbaycanlı qadın böyrəkköçürmə əməliyyatından sonra uşaq dünyaya gətirib. 

“Qafqazinfo” xəbər verir ki, bu unikal hamiləlik periodunu pasiyent “Ege Hospital”ın həkimi, Azərbaycanda ilk nefrologiya yandal uzmanı Dr. Cəbrayıl Cəbrayılov və uzman ginekoloq Dr. Günel Zayidovanın nəzarəti altında başa vurub.

Bu hamiləliyi unikal edən məqamlarla bağlı suallarımızı Dr.Cəbrayıl Cəbrayılova ünvanladıq.

- Doktor, hansı hallarda xəstəyə böyrək köçürülür?

- Son mərhələ böyrək çatışmazlığı inkşaf edən xəstələrdə böyrək əvəzedici müalicələrdən biri seçilməlidir. Bunlar hemodializ, periton dializi və böyrək transplantasiyasıdır. Böyrək transplantasiyası böyrək çatışmazlığından əziyyət çəkən insana tamamilə sağlam bir insandan böyrək köçürülməsidir. Gənc və daha aktiv xəstələrdə transplantasiyaya daha çox üstünlük verilir.

- Transplantasiya xəstələri də hamilə qala bilərmi?

- Böyrək transplantasiyası icra olunmuş xəstələr arasında gənc qadınlar da çoxdur və ana olmaq onların da haqqıdır. Təbii ki onlar da ana ola bilərlər. Lakin bu xanımlar xüsusi həssas qrup olduqlarına görə bəzi nüansları nəzərə almalıdırlar.

- Yəni, bu xanımlar transplantasiyadan sonra istədikləri vaxt hamilə qala bilərlər?

- Xeyr. Hamiləliyi qabaqcadan planlaşdırmaq lazımdır.

Belə ki transplantasiya icra olunduqdan sonrakı iki il müddətində xəstələrimizin hamilə qalması arzuedilməzdir. Çünki bu müddətdə köçürülən böyrəyin funksiyaları daha yeni stabilləşməyə başlayır və istifadə etdiyimiz dərmanlar hamiləlik üçün uyğun deyil. İki ildən sonra isə xəstələr hamilə qalmaq istədikdə nefroloqla birlikdə hamiləlik planlaşdırılması edilir.

Bu zaman böyrəyin funksiyaları dəyərləndirilir, hamiləlik zamanı ola biləcək mümkün risklər hesablanır, dərmanlar hamiləlikdə istifadə oluna bilinənlərlə dəyişdirilir, ginekoloqun konsultasiyası alınır və uyğun zamanda hamiləlik planlaşdırılır.

- Orqan köçürülən xəstələr uzun müddət dərman qəbul edirlər. Bunlar hamiləliyə problem yaradırmı?

- Doğrudur. Böyrək köçürüldükdən sonra böyrəyin orqanizm tərəfindən rədd olunmaması üçün xəstələr uzun müddət immun sistemi zəiflədən dərmanlardan istifadə edirlər. Bunların vaxtlı-vaxtında və doğru qaydada içilməsi köçürülən böyrəyin ən uzun müddətdə və ən yaxşı şəkildə fəaliyyət göstərməsinin əsas şərtidir.

Bu dərmanların da dölün inkşafı üzərindəki əlavə təsirləri ətraflı araşdırılıb. Transplantasiyadan sonra istifadə etdiyimiz dərmanların bəziləri hamiləlikdə tamamilə qadağan olunsa da, digərlərinin istifadəsi heç bir problem yaratmır. Ona görə xəstənin böyrək funksiyalarına görə dərmanlarına dəyişikliklər edilir və bundan sonra funksiyalar stabil qalırsa, hamiləlik boyunca bu dərmanlara davam edilir.

- Bəs hamiləlik zamanı nə kimi problemlər yaşana bilər?

- Bu xəstələrimiz hamiləlik müddətində yaxın həkim təqibində olurlar. Həm böyrək funksiyaları, həm də uşağın inkşafı yaxından izlənilir.

Qarşılaşdığımız ən böyük problem preeklampsiyadır – yəni sidikdə zülal atılımının artması və təzyiq yüksəklikləri. Bunun üçün hamiləlik boyunca uyğun dərman müalicələri aparılır. Bundan başqa, böyrək funksiyalarında da pozulmalar ola bilər – bu zaman da səbəbə görə müalicələr tətbiq olunur.

- Bunlar uşağın inkşafına mənfi təsir edə bilərmi?

- Xeyr. Bunlar uşağın inkşafına əksər hallarda problem yaratmır. Ginekoloq və nefroloq xəstəni ortaq izləyərək həm ana, həm də uşaq üçün doğumun ən uyğun olduğu vaxtı seçirlər. Əgər böyrək funksiyaları və ananın səhhəti imkan verirsə, hamiləlik sonuna qədər davam etdirilir. Yox, əgər böyrək funksiyalarında pozulma və ya ananın sağlamlığı üçün risk olacaq bir vəziyyət yaranırsa, hamiləlik daha erkən də tamamlanır. Əksər hallarda tamamilə sağlam uşaqlarımız olur. Buradakı ən önəmli məsələ ginekoloqun və nefroloqun ortaq işləməyidir. Çünki bu, bir komanda işidir.

Bilirik ki, bu hamiləliklər 60-70% halda erken doğumla nəticələnir. Ancaq dünya statistikasında erkən doğulan bu uşaqların 75%-i canlı doğulub və sağlam olaraq dəyərləndirilib. Digər vacib nüans isə, bu hamilələrin 22%-də preeklampsiya xəstəliyi riski var. 

- Böyrək köçürülən qadınlar təbii doğuşla uşaq dünyaya gətirə bilərmi?

- Xeyr, bu hamilələrimiz təbii doğuş edə bilməzlər. Transplantasiya zamanı yeni böyrək çanaq boşluğuna yerləşdirildiyi üçün normal doğum mümkün olmur. Hamilələrimizin hamısı keysəriyə əməliyyatı ilə uşaq dünyaya gətirirlər.