Britaniya Vahid Ələkbərovla Fərhad Əhmədova sanksiya tətbiq etdi

Britaniya Vahid Ələkbərovla Fərhad Əhmədova sanksiya tətbiq etdi
Oxunma sayı: 3710

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bununla da, Rusiyadan olan daha 206 fiziki və hüquqi şəxs sanksiyalar siyahısına əlavə edilib.

“Qafqazinfo”nun məlumatına görə, siyahıda Azərbaycan əsilli iş adamları: Fərhad Əhmədov və “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi Vahid Ələkbərovun da adları var.

Xatırladaq ki, “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, ilin əvvəlindən 71 yaşlı Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

67 yaşlı F. Əhmədov isə dünya mediasında boşanma prosesi ilə bağlı gündəmə gəlmişdi. Belə ki, iş adamı 1993-cü ildə ailə qurduğu Tatyana Əhmədova ilə 2014-cü ildə boşanmışdı.Onların boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biri olaraq tarixə düşüb. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 635 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.

2021-ci ildə baş tutan növbəti məhkəmə prosesində milyarder keçmiş xanımına 186 milyon dollar təzminat ödəməyə razı olmuşdu. Bildirilirdi ki, T.Əhmədova bu məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edib. Təzminat 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədərdir. Yeni qərarla Fərhad Əhmədovun 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası “Luna” isə özündə qalıb.