“Sevmədiyin qadınla yaşayırsansa...” - Şeirlər

sevmediyin-qadinla-yasayirsansa-seirler-
Oxunma sayı: 1952






Sevmədiyin qadın

Sevmədiyin qadınla bir damın altında yaşamaq
nə onu aldatmaqdı, nə də özünü.
sevmədiyin qadınla bir damın altında yaşamaq
sevgidə zibillik kimi eşələnməkdi.
yemirsən, amma nəsə axtarırsan orda
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
deməli, taleyindən Həmzə Qır atı qaçırıb.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
axşamlar evinin qapısı tabut ağzı tək açırsan.
Və hələ talehin tərs üzü kimi uşaqlarda varsa,
Deməli, içindəki bütün sevincləri yağmalayıblar.
Sevmədiyin qadınla yaşadığı evə gəlmir kişi,
Öyrəşdiyi dərdlərin tüstüsünə gəlir hər axşam
Sevmədiyin qadınının açdığı süfrədə limonadlar da şərab kimidi.
Kişi öz bədbəxtliyindən sərxoş olur.
Sevmədiyin qadınla bir damın altında yaşamaq püşkünə düşübsə,
Evdə uşaqlar,
Həyətdə ağaclar.
Güldanda güllər də
Gec böyüyər.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa.
Rus bazarlarındakı saxta çeçen dolları kimi olarsan
əldən-ələ, dildən-dilə düşə-düşə xərclənərsən.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa
Sənə yenidən doğulmaqdan özgə carə görmürəm.


Məndən qəhrəman olmaz

Bəlkə də insanlar ağlamırlar,
insanlar ağlayanda axtarırlar
Özlərini, itirdiklərini
Göz yaşının küçələrində.
Dostlar tost deyəndə Allahı çağırırdılar.
“Allah canımızı sağ eləsin”,
Arağın haramı ilə Allahın halallarının təzadını
gördüm süfrəmdə.
Arzuların saxtalığını anladım.
Sən içəndə daha çox yadıma düşürsən,
Sevəndə və sərxoş olanda ağlımız başımızda olmur.
İçib, sonra qusan dostuma xəstəliyinin adını
deyə bilməyəndə
Anladım ki, yumruğum qəzəbimin ifadəsi deyil.
Məndən qəhrəman olmaz.
Avtomobil yollarından,
Qatar relslərindən,
Havadakı təyyarələrdən
Umacağı yox,
Heç biri məni məndən apara bilməz,
Nə də səndən.
İlk sevdiyim,
İlk şeirim,
Ümumən həyatımdakı ilklər daim maraqlı,
Sonları düşünmək də istəmirəm,
Məndən qəhrəman olmaz.
Ayağım ağrısını unutmur,
Ürəyim səni,
Hərdən evlənmək haqqında düşünürəm,
Evlənmək ev olmaqdı,
Evlənmək həyatı birləşdirir deyirlər,
əslində evlənmək ömrü parçalayır,
qadına uşağa, evə və s...
sevgininin vahidliyi belə yoxmuş... Eh...
Tüpürcəyini udanlar cəsarətsiz adamlardı,
Tüpürmək iyrənməkdən qurtulmaqdı,
Həyatda iyrəndiklərimə tüpürə bilmədim bəzən,
Məndən qəhrəman olmaz.

Axillesin dabanı

Bütün xəritələrdə sən olan yer
qeyd olunur qırmızı xətlə.
Bütün kompaslar sizə aparır, sizə,
İnsanlar iki yerə bölünürlər: özünə və özgəyə.
Gözlərin düşmən oxudur, ürəyim Axillesin dabanı
“Hə”lər xoşuma gəlir, “yox”ların hər biri kirpi tikanı.
Sən mənim zəif yerimi yaxşı bilirsən.


Fəridin halları

Şərab içəndə,
Səni düşünəndə hallanıram:
Fərid.
Fəridin.
Fərid+ə.
Fəridi.
Fəriddə.
Fəridən.
Axşam evə hansı gəlib çıxır?
BİLMİRƏM.
Sənə sevgi morfologiyasını öyrədə bilmədim.
Elə ona görə də, dərd sözü ürəyimdə həmişə
cəm şəkilçisi qəbul edir.

Dostlara xəbərdarlıq

Romanı qazlar xilas elədi.
Əslində insan özü-özünü xilas eləməlidi.
Qaçmalıdı uzaqlara, getməlidi harasa…
Təzədən doğulmalıdı orda.
Təzədən tanımalıdı adamları.
Hər yara başqa yerə vurulduqca,
Unutmaq olmayacaq, olmayacaq…
Möcüzələr və dahilər
tarixdə palçıqlı ayaqqabılarla yeriyiblər.
İzləri silinmir ki, silinmir.
Tarix bizi uzun illər sonra yaddaş kitabçasına
Ancaq və ancaq
insanlar deyə yazacaqsa,
Deməli, adlarımız sadəcə bizi
çağırmaq üçün gəlir kara.
Ağ və qara – günlərimiz rəngsiz televizordu.
Xət-xət, cizgili göstərir keçmişi
Bir gün telefonundakı nömrələrə bax.
Gör sənə vacib olan nə qədər adam var orda-həyatda.
Bütün insanlar istəmədikləri yerdə doğulublar.
Ona görə ürəyimizdə səyahət eşqi var.
Getməliyik… bu gün, sabah ya da haçansa.
Romeo və Jülyetta – xəncər və eşq.
Məcnun və zəncir yoxdu həyatda.
Ona görə də adamlardan bezdikcə
kitablara yaxınlaşırıq.
Paytaxtda limon satan qadının
uzanmış qabarlı əlini itələdikcə
harın, boyalı barmaqlar.
İsaları özünə çəkdikcə çarmıxlar,
Artacaq insan ölümləri.
Biz həmişə unuduruq ki, bizi döyüşə səsləyən
Bizi ölümə aparandı.
Qırmızıya azadlıq deyibən,
qırmızıdakı qanı görmədikcə.
Adamlar baş kəsəcəklər manatlara görə.
Artacaq ölülərin ölümləri.
İnsanların sevgilərinin susuzluğundan
mərhəmətləri quruduqca…
Küçələrdə çoxalacaq küçə itləri.
Özünüzü qoruyun…